...

Azərbaycanda meşə ehtiyatlarının qiymətləndirilməsinə həsr olunmuş layihənin təqdimatı keçirilib (FOTO)

İqtisadiyyat Materials 7 Fevral 2018 10:45 (UTC +04:00)
FAO Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulmasını dəstəkləyir.
Azərbaycanda meşə ehtiyatlarının qiymətləndirilməsinə həsr olunmuş layihənin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda meşə ehtiyatlarının qiymətləndirilməsinə həsr olunmuş layihənin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, ETSN-in Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Söhrab Abbasov, departamentin sektor müdiri Sadiq Salmanov, FAO-nun iqamətgahı müvafiq olaraq Roma və Ankarada yerləşən baş qərargahı və Mərkəzi Asiya üzrə subregional ofisindən layihənin texniki və əməliyyat heyəti çıxış ediblər.

Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi meşə sahəsində bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi layihəsinin əsas məqsədidir. Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi layihə meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.

Layihə meşəçilik sahəsində məlumatların toplanması, qiymətləndirilməsi və hesabatların tərtibi üçün müasir metodikanın hazırlanmasına, operativ milli meşə qiymətləndirmə və monitorinq sisteminin qurulmasına, seçilmiş pilot ərazilərdə meşə təsərrüfatının planlaşdırılmasının təkmilləşdirilməsinə töhfə verəcək. Yerli kiçik fermerlər üçün gəlir gətirən fəaliyyətlərin nümayiş etdirilməsi və tətbiqi imkanlarının araşdırılması ilə yanaşı, deqradasiyaya uğramış meşə fondu torpaqlarında karbon ehtiyatlarının artırılması, meşə ehtiyatları barədə yenilənmiş məlumatların və istiqamətlərin təchiz edilməsi, əldə edilmiş təcrübələrin və müvafiq qaydaların yayılması vasitəsilə dayanıqlı meşə idarəçiliyinin təmin edilməsi layihənin başlıca nəticələri sırasına daxildir.

Layihə çərçivəsində cəlb ediləcək yerli və beynəlxalq mütəxəssislərin köməyi ilə ETSN-in əməkdaşlarına meşələrin qiymətləndirilməsi və monitorinqi sisteminin operativləşdirilməsi, meşə və karbon ehtiyatlarının inventarlaşdırılması, “Collect Earth” proqram təminatından, eləcə də karbonun hesablanması üçün Ex-Act karbon balans qiymətləndirmə sistemindən istifadə barədə modullar üzrə təlim keçiriləcək. Meşə təsərrüfatının planlaşdırılması və Coğrafi İnformasiya Sistemi barədə praktik və əməli təlimlər də layihə boyu icra olunacaq.

Bununla yanaşı, layihə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası ilə bağlı Paris Sazişindən irəli gələn öhdəliklərini icra etməsinə köməklik göstərəcək. Qeyd edək ki, Paris Sazişinə qoşulmaqla ölkə 2030-cu ilədək 1990-cı ilə nisbətdə istilik effekti yaradan qaz tullantılarını 35 faizə qədər azaltmaq öhdəliyini götürüb.

İştirakçı qismində tədbirdə ETSN-in müxtəlif departamentlərindən olan mütəxəssislər, müvafıq dövlət qurumlarə və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti