...

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin onlayn qeydiyyatı sürətləndirəcək

İqtisadiyyat Materials 24 Aprel 2019 11:33 (UTC +04:00)

Bakı. Trend:

2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4643 müraciət daxil olub.

Bu barədə Agentliyin mətbuat katibi Aysel Fərziyeva Trend-ə açıqlamasında məlumat verib.

Bildirib ki, müraciətlərdən 147-i “ilkin istehsal”, 553-ü “istehsal (emal)”, 17-i “qablaşdırma”, 27-i “saxlanma”, 3-ü “daşınma”, 441-i “topdan satış”, 2636-ı “pərakəndə satış” və 819-u “ictimai iaşə” fəaliyyət istiqaməti ilə bağlı olub.

Sözügedən müddət ərzində 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edildiyindən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib. Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.

Qurum rəsmisinin sözlərinə görə, mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi onlayn qaydada həyata keçiriləcək:

“Qeydiyyatın elektron qaydada həyata keçirilməsi sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsi prosesini daha da sürətləndirəcək. Qida Təhlükəsizliyi Agentliyi bir daha qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və fəaliyyətlərini qida təhlükəsizliyinə dair norma və qaydaların tələbərinə uyğunlaşdırmağa çağırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti