...

Nazir: DOST mərkəzləri əlillərin reabilitasiya vasitələri ilə rahat təminatı imkanlarını artıracaq

İqtisadiyyat Materials 18 May 2019 15:46 (UTC +04:00)
DOST mərkəzlərində göstəriləcək ən önəmli xidmətlərdən bir qismi əlilliyi olan şəxslərlə bağlıdır.
Nazir: DOST mərkəzləri əlillərin reabilitasiya vasitələri ilə rahat  təminatı imkanlarını artıracaq

Bakı. Trend:

DOST mərkəzlərində göstəriləcək ən önəmli xidmətlərdən bir qismi əlilliyi olan şəxslərlə bağlıdır. Onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik məmulatlarla təminatı üçün müraciətləri də bu mərkəzlərdə qəbul olunacaq.

Trend-in məlumatına görə, nunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O, qeyd edib ki, artıq həmin şəxslərin müxtəlif protezlərin hazırlanması üçün ölçü götürülməsindən ötrü müxtəlif ünvanlara üz tutmasına ehtiyac qalmayacaq. DOST mərkəzlərində həkimlər tərəfindən onların ölçüləri götürüləcək və qısa müddətdə hazırlanmaqla elə mərkəzlərdə də təqdim ediləcək. Həmçinin mərkəzlərdə onların digər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilməsi işləri aparılacaq. Bu da əlilliyi olan şəxslər üçün ciddi dəstək olacaq.

Nazir diqqətə çatdırıb ki, hazırda 600 mindən çox əlilliyi olan şəxs var və onların bir çoxu regionlarda yaşayır. Regionları da əhatə edəcək DOST mərkəzləri şəbəkəsi imkan verəcək ki, artıq həmin şəxslər Bakıya gəlmədən öz regionlarında bu xidmətlərdən rahat şəkildə istifadə edə bilsinlər. Maşın, mənzil növbəsində olduqları halda bu barədə də mərkəzlərdə məlumat ala biləcəklər.

S.Babayev bildirib ki, ilk DOST mərkəzinin binası özü əlilliyi olan şəxslər üçün tam funksionaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti