Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib ki, heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində bir sıra addımlar atılıb.
AQTA sədri bildirib ki, bununla bağlı işçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb. Növbəti addımda sistemin mərhələli şəkildə yaradılması üçün Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun pilot region kimi seçilməsi, eləcə də burada iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsi, həmçinin heyvandarlıq məhsullarının istehsalı və emalını həyata keçirən müəssisələrin qeydiyyatının aparılması nəzərdə tutulub. Pilot regionda 55 455 baş iribuynuzlu, 145 305 baş xırdabuynuzlu heyvan və 409 baş at var. Cari ildə bu heyvanların identikləşdirilərək qeydiyyatının aparılması planlaşdırılır.