Bakı. Trend:
Energetika Nazirliyinin rəsmi internet səhifəsi olan www.minenergy.gov.az yeni dizaynla istifadəyə verilib.
Trend-in məlumatına görə, yenilənmiş sayt dizaynla yanaşı, məzmun cəhətdən də əvvəlki versiya ilə müqayisədə təkmilləşdirilib, müasir tələblərə uyğun tərtib edilib, bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.
Əsas səhifədə “Bütün xəbərlər”, “Bütün tədbirlər”, “Nazirlik”, “Sənədlər”, “Proqram və hesabatlar”, “Beynəlxalq əməkdaşlıq”, “İctimaiyyətlə əlaqələr” və “Maarifləndirici məlumatlar” bölmələri yenilənib. Nazirliyin icra etdiyi dövlət proqramları üzrə hesabatlara, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə, memorandum və sazişlərin, qanunvericilik sənədlərinin siyahısına əlavələr edilib. “Beynəlxalq müqavilələr” alt bölməsi yaradılaraq, imzalanmış bəyannamələr, niyyət protokolları, protokollar və icra müqavilələri daxil edilib. Saytda “Neft”, “Qaz”, “Elektroenergetika”, “Bərpa olunan enerji və enerji səmərəliliyi”, “Statistika” bölmələri yeni tərtibatda və ətraflı məlumatlarla təqdim olunur.
Əsas diqqət istifadəçilərin rahatlığının təmin edilməsinə yönəldilib. Vətəndaşların nazirliyə müraciəti və qəbula yazılması işinin asanlaşdırılması məqsədilə “Çağrı Mərkəzi” bölməsinə əlçatanlıq təkmilləşdirilib, “Qəbula yazıl” pəncərəsindən istifadə edərək birbaşa nazir və nazir müavinlərinin qəbuluna yazılmaq imkanları yaradılıb. Həmçinin saytın “Əlaqə” bölməsindəki “Qəbul günləri” pəncərəsi vasitəsilə qəbula yazılmaq üçün keçid yaradılıb və vətəndaşların qəbulu qrafiki yenilənərək sayta əlavə edilib.
İstifadəçilərin elektrik enerjisi və qaz təchizatı ilə bağlı maraq doğuran məsələlərdən xəbərdar olması məqsədilə “Sual-cavab” və “Maarifləndirici məlumatlar” bölmələri də əsas səhifədə diqqətə çatdırılır.
“Foto qalereya” və “Video qalereya” bölmələri təkmilləşdirilib, yeni foto və videolarla zənginləşdirilib.
Saytın əsas səhifəsində, həmçinin nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə, eləcə də digər qurumların saytlarına keçidlər də yer alıb.
Sosial şəbəkələrə inteqrasiya edilən saytın üstünlüklərindən biri də mobil versiyasının olmasıdır. Belə ki, istifadəçilər tərəfindən mobil qurğulardan istifadə etməklə saytın imkanlarından rahat şəkildə yararlanmaq olar. Yeniliklərdən biri də məlumatların tarix və vaxt göstərilməklə yerləşdirilməsidir.
Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. Saytın ingilis dili versiyası üzərində hazırda son tamamlama işləri aparılır və tezliklə istifadəyə veriləcək.