...

Oralarda işləmək həm arzum, həm borcumdur – usta ilə söhbət (FOTO)

İqtisadiyyat Materials 3 Mart 2021 11:00 (UTC +04:00)

Bakı. Trend:

Norm Ustalar Klubu layihəsi çərçivəsində indiyədək həmsöhbət olduğumuz ustaların bir çoxu əvvəllər tikintinin sadəcə bir sahəsində çalışıb, sonradan digər işləri öyrəndiklərini deyiblər. Kimisi bənnalıqdan, kimisi dülgərlikdən, kimisi suvaqçılıqdan başlayıb, işləyə-işləyə digər sənətləri də öyrəniblər. Əksəriyyəti tikintinin bütün sahələrini bilir, evləri, obyektləri 0-dan götürərək tam təmirli vəziyyətdə təqdim edəcək səviyyədə peşəkardırlar.

Budəfəki həmsöhbətimiz Bakıda yaşayan usta Bahadur Paşayevdir. Bahadur ustanın iş keçmişi bir qədər fərqlidir. Belə ki, o, ustalığa tikintinin hansısa sahəsindən deyil, istehsaldan gəlib. Özünün dediyinə görə, əvvəllər ağlay sexində fəhlə kimi işə başlayıb. Sonralar burada usta səviyyəsinədək yüksəlib. Daha sonradan isə tikintidə işləməyə başlayıb. Hazırda peşəkar ağlay ustasıdır. Lakin tikintinin digər sahələrində də işi bacarır.

Lerikdə doğulub böyüyən Bahadur usta rayonda dolanışığını təmin etməkdə çətinlik çəkdiyi üçün 1999-ci ildə iş dalınca Bakıya gəlib: “Elə o vaxtdan da burada qaldım. 2010-cu ildən tikintdə fəaliyyət göstərirəm. Mənim işlərimdə azalma yoxdur. İşim həmişə bol olur. Görünür, işimi yaxşı gördüyüm üçün hər zaman mənə tələbat var”.

Həyatında ən uğurlu ilin 2010-cu il olduğunu deyir. Detallara varmasa da, usta həm iş, həm də ailə həyatında məhz o ildə uğur qazandığını bildirir. Ailə həyatı demişkən, həmsöhbətimiz 1977-ci il təvəllüddür. Çox gənc olmasına baxmayaraq, artıq babadır. İki oğul, iki qız övladı var. Oğlanları hələ orta məktəbdə oxuyurlar. Onlara ali təhsil vermək niyyəti var. Qızları ailəlidir.

Digər həmsöhbətlərimiz kimi, Bahadur usta da işğaldan azad edilən torpaqlarda işləmək, qurub-yaratmaq arzusundadır: “Yurd-yuvası işğaldan azad edilən hər kəsi təbrik edirəm. Oralarda başlayacaq tikinti-quruculuq işlərində böyük məmnuniyyətlə iştirak edəcəm. Bu həm arzum, həm borcumdur”.

Norm Ustalar Klubu “Norm” şirkəti tərəfindən 2016-cı ildə inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti