Bakı. Trend:
Dünya İqtisadi Forumu (DİF) Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiyalar və rəqəmsal mühitinə birbaşa xarici investisiyalar çərçivəsində bir sıra prioritet tədbirləri müəyyənləşdirib.
Trend xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun nümayəndəsi Metyu Stivenson bu gün Bakıda keçirilən "Rəqəmsal iqtisadiyyata investisiyalarin cəlbi" layihəsi çərçivəsində rəqəmsal KOB və startaplara "scale-up" və xarici investisiyaların cəlbi üçün təlim proqramına videomüraciətində deyib.
"Şirkətlərin ehtiyaclarını anlamaq və rəqəmsal iqtisadiyyata investisiyaların və rəqəmsal iqtisadiyyata birbaşa xarici investisiyaların, eləcə də, rəqəmsal sahəyə birbaşa xarici investisiyaların (BXİ) artımına imkan yaradan tədbirlərin siyahısını müəyyən etmək üçün aktiv şəkildə çalışırıq.
Bakıda seminar keçirdik və bir sıra prioritet tədbirləri müəyyən etdik. Bugünkü seminar fikir mübadiləsi aparmaq və müvafiq tədbirlər görməklə bu prioritetlərin icrası, investisiya artımına dəstək və mövcud problemlərin həllinə yönəlib. Bu gün rəqəmsal hazırlığın artırılması üzərində birgə işləmək üçün unikal imkanımız var", - deyə o vurğulayıb.
Qeyd edək ki, "Azərbaycanın Rəqəmsal İqtisadiyyatına İnvestisiya" layihəsi üç mərhələni nəzərdə tutur. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) təşəbbüsü ilə həyata keçirilən layihənin ikinci mərhələsi çərçivəsində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) birbaşa xarici investisiyaları müəyyən etmək və cəlb etmək və rəqəmsal xidmətlərin ixracını artırmaq üçün rəqəmsal kiçik və orta biznes və startapların potensialının artırılmasına dəstək verəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)