...

Vanuatu iqlim maliyyələşdirilməsinin artırılmasına ehtiyac duyur - Nazir

İqtisadiyyat Materials 11 Oktyabr 2024 12:16 (UTC +04:00)
Vanuatu iqlim maliyyələşdirilməsinin artırılmasına ehtiyac duyur - Nazir
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Vanuatu iqlim maliyyələşdirilməsinin artırılmasına ehtiyac duyur.

Trend xəbər verir ki, bu barədə Vanuatunun iqlim dəyişmələri məsələləri üzrə naziri Con Salonq Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) zamanı video müraciətində bildirib.

“Vanuatunun suverenliyi və ərazi bütövlüyü, planetimizi məhv edən yanacaq növlərindən imtina etməkdə insanlığın kollektiv bacarıqsızlığı və ehtiyacı olanlara uyğunlaşma üçün kifayət qədər maliyyələşdirməni mobilizə etməkdəki uğursuzluğu səbəbindən təhlükə altındadır. Öz daxili fəaliyyətlərimiz — büdcələrdən siyasətə və BMT-nin Beynəlxalq Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi və digər instansiyalarda beynəlxalq öhdəliklərə qədər — transformasiyaya sadiqliyimizi nümayiş etdirir”, - o qeyd edib.

Nazir bildirib ki, inkişaf edən kiçik ada və ən az inkişaf etmiş ölkələr xüsusi həssaslıq və diqqət tələb edir ki, bu da donorlar ilə inkişaf tərəfdaşları arasında yeni və əlavə əməkdaşlıq tələb edir.

O, iqlim dəyişmələrinə uyğunlaşma üzrə maliyyələşdirilmə sahəsindəki boşluğun bizim üçün ciddi olduğunu bildirib.

“Vanuatuda bu boşluq ekzistensial xarakter daşıyır, çünki son 3 il ərzində iqlim təsirləri bizim ÜDM-nin 50 faizindən çoxunu itirməyimizə səbəb olub”, - o vurğulayıb.

Nazir 2025-ci ilə qədər iqlim dəyişmələrinə uyğunlaşma üzrə maliyyələşdirilməni iki dəfə artırmağın son dərəcə vacib olduğunu da əlavə edib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans, yəni Pre-COP29 başlayıb.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti