Bakı. Trend:
Azərbaycanda xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, xurma istehsalını və ixracını artırmaq məqsədilə dövlət tərəfindən xurma bağlarının salınması subsidiyalaşdırılır.
Bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağ iqtisadi zonalarında salınacaq xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək.
Qeyd olunub ki, bu subsidiya növü ən azı 2 hektarda salınmış, hər hektarda damcı suvarma sistemi quraşdırılmış, hektar üzrə ən azı 650 ting əkilmiş xurma bağlarına şamil edilir.