Bakı. Trend:
Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qeyd edib ki, 2024-cü ilin son 4-5 ayında faizlər cüzi artıb.
"Kredit faiz dərəcələrinin artımı bazarda likvidliyin məhdudluğu vəziyyəti ilə əlaqədar idi. Onun da əsas səbəbi dövlət xəzinə qalığının artımı ilə bağlıdır", - deyə o bildirib.
Bəs, kredit faizlərinin artmasına səbəb olan amillər nələrdir? Bu artımlar kreditləşməyə necə təsir göstərir?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, 2024-cü ildən depozit faizlərində artımlar müşahidə edildi.
"Sistem əhəmiyyətli banklarda depozit faizləri yüksəldi. Bu yüksəliş kredit faizlərinə də təsir göstərdi. Monitorinqlər göstərir ki, sistem əhəmiyyətli banklarda kredit faizlərində artımlar olub. Bu, bütövlükdə bankların cəlb etdiyi vəsaitlərin dəyəri ilə bağlı bir məsələdir", - deyə o əlavə edib.
V.Bayramov bildirib ki, hələlik kredit faizləri ilə bağlı ciddi artım müşahidə olunmur, amma bankların bahalı borclanma siyasəti davam edərsə, təbii ki, kredit faizlərinin artımına səbəb ola bilər.
"Əsas siyasət və təşviq kommersiya bankarlarının daha ucuz vəsaitləri cəlb etməsi istiqamətində olmalıdır. Çünki cəlb edilən vəsaitlər çoxalırsa, bu birbaşa kredit faizlərinə təsir göstərən əsas faktora çevrilir", - deyə o vurğulayıb.