Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 485,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 315,1 milyon ABŞ dolları və ya 2,8 dəfə çoxdur.
Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 5,45%-i həcmində olub. Bununla da Almaniya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 284,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 228,3 milyon ABŞ dolları və ya 5 dəfə çoxdur. Hesabat dövrü ərzində Almaniya ilə ixrac əməliyyatları Azərbaycanın ümumi ixracının 5,98%-ni təşkil edib.
Bu ilin yanvar-fevral aylarından Almaniyadan Azərbaycana 200,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 86,7 milyon ABŞ dolları və ya 76,3% artım deməkdir.
Eyni zamanda, 2025-ci ilin ilk iki ayı ərzində Azərbaycandan Almaniyaya 276,5 milyon ABŞ dolları dəyərində 500 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub. Bu da 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 224,3 milyon ABŞ dolları və ya 5,2 dəfə, həcm baxımından isə 417,4 milyon ABŞ dolları və ya 6 dəfə çoxdur.
Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 8,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Hesabat dövründə Almaniyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 1,73%-i həcmində olub. Bununla da Almaniya Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.