Bakı. Trend:
Hər bir ölkə iqlim tədbirlərini hamı üçün effektiv etməlidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 prezidenti Muxtar Babayev “Astana 2025” Beynəlxalq Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, inklüzivlik iqlim gündəminin mərkəzində yer almalıdır.
“Bizə inklüziv nəticələr üçün inklüziv proseslər lazımdır. Hər kəs səsinin eşidiləcəyi bir platformaya haqqı var”, - deyə Babayev bildirib.
M. Babayevin sözlərinə görə, məhz bu cür yanaşma tarixi nəticələri əldə etməyə imkan verib:
“Biz artıq hər bir icmanın töhfəsini görürük. İnsan hüquqları, gender bərabərliyi, həssas qruplar – qaçqınlar, uşaqlar, əlilliyi olan şəxslər barədə danışmışıq. Bunlar bizim gündəmimizin əsas elementləridir”.
O, COP29 təşəbbüslərinin yerli icmaları ruhlandırmalı olduğunu vurğulayıb: “Biz rəqəmsal savadlılıq və rəqəmsallaşmanı təşviq edəcək strategiyadan danışmışıq. Biz hər kəs üçün bərabərhüquqluluğa nail olmaq istəyirik”.
M.Babayev həmçinin iqlim planlarının milli strategiyalara inteqrasiyasının vacibliyini qeyd edib:
“Yaxşı planlar əhatəli məsləhətləşmələrdən asılıdır. Bu sənədlər ayrılıqda deyil, milli prioritetlərin bir hissəsi olmalıdır”.
"Dövlət bazara və donor qurumlara siqnal verməlidir. Əgər hər şey düzgün şəkildə qurularsa, belə bir plan “yaşıl” investisiyaların cəlb olunması üçün baza rolunu oynayacaq. Bu il hər bir ölkənin öz iqlimlə bağlı səylərini hər kəs üçün effektiv etməsi üçün imkanı və məsuliyyəti var", - deyə Muxtab Babayev sonda qeyd edib.
