Bakı.Trend:
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində halal məhsulların idxalı 2022-ci ildə 359 milyard dollar təşkil etdiyi halda, 2027-ci ilədək təxminən 492 milyard dollara qədər artacaq.
Trend xəbər verir ki, bunu İƏT baş katibinin iqtisadi məsələlər üzrə müavini Əhməd Kavesa Bakıda keçirilən Halal Biznes Forumunda deyib.
Onun sözlərinə görə, bu göstəricilər halal iqtisadiyyatın inkişaf üçün, investisiyaların cəlb edilməsi, ticarətin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması üçün böyük potensialın olduğunu nümayiş etdirir.
O qeyd edib ki, müasir istehsal və emal müəssisələri, anbarlar və beynəlxalq standartlara uyğun olan sertifikatlaşdırma mərkəzləri halal məhsullara şəffaflıq və etimad qazandırır.
İƏT-in baş katibinin müavini nümunə olaraq Kuala-Lumpurda İslam İnkişaf Bankının Təcrübə Mərkəzini göstərib. Mərkəz Malayziya hökuməti ilə birgə Halal Industrial Park 2.0 təşəbbüsünü həyata keçirib. Layihənin məqsədi investisiyaları cəlb edən və halal sənayesində innovasiyaları stimullaşdıran sənaye parklarının yaradılması, tam istehsal-ixrac dövrünün dəstəklənməsidir.
Kavesa həmçinin qeyd edib ki, Azərbaycanın strateji mövqeyi və inkişaf edən iqtisadiyyatı sayəsində halal məhsulların emalı və ixracı üçün belə parkları inkişaf etdirmək, qlobal tədarük zəncirində öz rolunu gücləndirmək kimi unikal imkanı var.