Bakı. Trend:
Son aylarda uçot dərəcəsi ilə pul siyasətinin yardımçı əməliyyat hədəfi olan təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi - AZIR arasında fərq minimuma enib.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"nda bildirilib.
Məlumata görə, AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.84% olub. Ümumilikdə 11 ay ərzində uçot faiz dərəcəsi ilə AZIR indeksi arasındakı standart kənarlaşma 0.29 faiz bəndi (o cümlədən son 3 ayda 0.04 faiz bəndi) olub ki, bu da beynəlxalq təcrübə baxımından məqbul hesab edilir.
"Hesabat dövründə uçot dərəcəsinin AZIR vasitəsilə digər faizlərə təsir göstərməsi də müşahidə edilmişdir. Belə ki, iyul ayında uçot dərəcəsinin azaldılması qiymətli kağızlar bazarında gəlirliliyin, eləcə də yeni depozit və kredit faizlərinin azalması ilə müşayiət olunmuşdur", - məlumatda vurğulanıb.
