...

Rusiya Azərbaycan ilə birgə iri enerji layihələrinin reallaşdırılmasını nəzərdə tutur - XİN rəhbəri Lavrov

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 12:58 (UTC +04:00)
Rusiya Azərbaycan ilə birgə iri enerji layihələrinin reallaşdırılmasını nəzərdə tutur - XİN rəhbəri Lavrov

Azərbaycan, Bakı, 10 mart / Trend /

Azərbaycanın bir sıra informasiya agentliklərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə müsahibəsi

 

- Dünya iqtisadi böhranın mənfi nəticələri ilə mübarizə istiqamətində MDB-yə üzv ölkələrin səylərinin birləşdirilməsi üçün hansı addımlar atılır?

- MDB hökumət rəhbərləri Şurasının 2008-ci il 21 oktyabr tarixli qərarı ilə Moskvada Birliyə üzv ölkələrin maliyyə nazirlərinin müşavirəsi keçirilib. İclasda bu məsələ üzrə fikir mübadiləsi aparılıb. Antiböhran problematikası ötən il noyabrın 14-də MDB hökumət rəhbərləri Şurasının Kişinyovda keçirilən iclasında da diqqət mərkəzində olub. Burada Birlik ölkələri iqtisadiyyatlarının yüksək qarşılıqlı inteqrasiyasının, üzv ölkələrdən böhranın mənfi nəticələrinin minimuma endirilməsi istiqamətində görüləcək tədbirlərin əlaqələndirilməsinin tələb olunması təsdiq edilib. Bununla belə, MDB-nin əksər ölkələri, misal üçün, xarici maliyyələşdirmə mənbələrinə çıxışın məhdudlaşması kimi eyni problemlərlə qarşılaşırlar. Bu istiqamətdə iş MDB-nin İqtisadi Şurasının 2008-ci il 12 dekabr tarixində keçirilən iclasında davam etdirilib.

Antiböhran istiqamətli tədbirlər təsdiq üçün MDB hökumət rəhbərləri Şurasının mayın 22-də Astanada keçiriləcək iclasına təqdim edilməsi planlaşdırılan 2020-ci ilədək olan dövrdə MDB-nin İqtisadi İnkişaf Strategiyasının 2009-2011-ci illərdə həyata keçirilməsini nəzərdə tutan və hazırda hazırlanan birinci mərhələsinin reallaşdırılması üzrə Tədbirlər Planına daxil edilir. 

Daha "qabaqcıl" antiböhran tədbirləri Azərbaycanın daxil olmadığı Avrasiya İqtisadi Birliyi çərçivəsində həyata keçirilir. Bu mövzu Avrasiya İqtisadi Birliyinin Dövlətlərarası Şurasının son iclaslarında - ötən il oktyabrın 10-da Bişkekdə və dekabrın 12-də Moskvada hökumət başçıları səviyyəsində keçirilən iclaslarda əsas mövzulardan biri olub.

Bu gün analoji istiqamətdə konkret birgə fəaliyyətlərə keçid barədə danışmaq olar. Rusiyanın maliyyə naziri A.L.Kudrinin sədrliyi altında Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin iqtisadi-maliyyə siyasəti Şurası tərəfindən dünya maliyyə və iqtisadi böhranın nəticələrinin aradan qaldırılması üzrə kompleks birgə tədbirlər planı hazırlanıb. O, Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının dekabr iclasında təsdiq edilib. Hazırda bu tədbirlərin əməli reallaşdırılması planının hazırlanması başa çatmaq üzrədir.

Avrasiya İqtisadi Birliyinin fevralın 4-də Moskvada keçirilən növbədənkənar sammitində Antiböhran Fond Cəmiyyətinin təsis edilməsi barədə mühüm qərar qəbul olunub. Büdcəsi 10 mlrd. ABŞ dolları olan bu Fondun vəsaitləri iştirakçı dövlətlərə suveren borclar və sabitləşdirmə mahiyyətli kreditlərin verilməsi, həmçinin hökumətlərarası layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

- Həcmi ilk dəfə olaraq 2 mlrd. dolları ötən ikitərəfli ticari-iqtisadi əməkdaşlığın bu və ya digər istiqamətləri dünya iqtisadi-maliyyə böhranı kontekstində hansısa düzəlişlərə məruz qalmayacaq ki?

 

- Həqiqətən, ötən il ölkələrimiz arasında mal dövriyyəsi 2,4 mlrd. ABŞ dollarını ötüb. Ümumilikdə, son üç il ərzində onun həcmi iki dəfə artıb. Bu iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yaxşı əsasının olmasına sübutdur və qarşılıqlı ticarətin xammal mahiyyətindən tədricən çıxmağa imkan yaradır.

Yaranan ikitərəfli mal dövriyyəsi strukturu birgə səylərlə qlobal iqtisadi böhranın mənfi nəticələrini də minimuma endirməyə imkan yaradır. Bunun üçün artıq bu gün qarşılıqlı ticarət strukturunda keyfiyyətli dəyişikliklərin möhkəmləndirilməsi, yüksək əlavə dəyərə malik malların, xüsusilə də maşınqayırma məhsullarının payının artrılması üzrə tədbirlərin görülməsi zəruridir. Bundan əlavə, Azərbaycan ilə hazırda hazırlanan birgə iri enerji layihələrinin reallaşdırılmasını nəzərdə tuturuq.

Bu, sözsüz ki, bütün maraqlı təşkilatlar və təsərrüfat subyektlərindən iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fəal tədbirlər tələb edir. Bizim ekspertlərimiz Rusiyanın Azərbaycana mal ixracında iri tədarükçü olaraq qalacağına əmindirlər. Rusiyalı sahibkarlar bundan sonra da respublikada öz bizneslərini inkişaf etdirməyə hazır olduqlarını bildirirlər. Bu il Rusiya ilə Azərbaycan arasındakı mal dövriyyəsinin 2008-ci ildə qeydə alınan səviyyədə qorunub saxlanacağı proqnozlaşdırılır. Əlavə edim ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi çərçivəsində həyata keçirilən antiböhran tədbirlərə qoşulması istiqamətində maneə yoxdur.

- Hazırda Azərbaycanın iştirakı nəzərdə tutulan "Nabukko" layihəsinin reallaşdırılmasına dair fəal danışıqlar aparılır. Azərbaycanın bu layihədə iştirakı Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilərmi?

 

- Azərbaycanın beynəlxalq enerji layihələrində iştirak barədə qərarı onun suveren hüququdur və biz bu qərarlara hörmətlə yanaşırıq. Bu həm də "Nabukko" qaz kəmərinə də aiddir.

Neft və qaz nəqli üçün marşrut seçimi zamanı əsas kriteriyalar onun iqtisadi cəhətdən səmərəliliyi, etibarlılığı və ekoloji baxımdan təhlükəsizliyindən ibarət olmalıdır. Biz bu prosesin həddindən artıq siyasiləşdirilməsinin əleyhinəyik.

Rusiya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində enerji daşıyıcılarının tədarük yollarının şaxələndirilməsi zərurəti mövzusunda ümumi anlayışları bölüşür. Biz bu məqsədlə qitənin müxtəlif regionlarında alternativ qaz kəmərlərinin tikintisi layihələrini reallaşdırırıq. Söhbət ilk növbədə "Şimal Axını" və "Cənub Axını"ndan gedir. Məlum olduğu kimi, "Mavi axın" qaz kəməri istifadəyə verilib.

Biz enerji sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsi mövqeyindən çıxış edirik .

Xəbər lenti

Xəbər lenti