...

Azərbaycan bankı Bank Respublikada əhalinin əmanətlərinin həcmi il ərzində təxminən dörd dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2009 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend /

Bank Respublika 2009-cu ilin birinci yarısının nəticələrinə yekun vurub. Bank Respublikanın aktivləri 1 iyul 2008-ci il tarixinə olan 330,7 mln. manatla müqayisədə 19,4 faiz artaraq, 1 iyul 2009-cu il tarixinə 394,8 mln. manata çatıb. Bu barədə bankın çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Hesabat dövrünə bankın kredit portfeli 2008-ci ilin analoji dövrü ilə müqayisədə 7,3 faiz artım nümayiş etdirərək 237,8 mln. manat təşkil edib.

2009-cu ilin 6 ayı ərzində Bank Respublika müştəri hesablarında olan vəsaitlər illik 7,9 faizlik artımla 149,5 mln. manatı keçib. Bank Respublikada yerləşdirilən fiziki şəxslərin əmanətləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz artaraq 94,2 mln. manata çatıb. Bununla yanaşı, hesabat dövrünə əhalinin əmanətləri 2008-ci ilin eyni dövrünə olan 64,4 mln. manatla müqayisədə 24,5 faiz artaraq 80 mln. manatı keçib.

2009-cu ilin birinci yarısında Bank Respublikanın gəlirləri 30,5 mln. manat, xərcləri isə 23,6 mln. manat təşkil edib. Hesabat dövrünə bankın balans mənfəəti 6,9 mln. manat təşkil edir.

Bank ötən ay ABŞ dolları, rus rublu və avroda köçürmələrin həyata keçirilməsinə imkan yaradan "Zolotaya Korona" təcili pulköçürmə sisteminə qoşulub. Beləliklə, bankın qoşulduğu pulköçürmə sistemlərinin sayı 10-a çatıb. Filial şəbəkəsinin genişləndirilməsi proqramı çərçivəsində Bank Respublika İmişli şəhərində yeni filialını istismara verib. Həmçinin, Bank Respublikanın əmanətçiləri arasında keçirilən "Bahar Hədiyyələri" uduş kampaniyasının son tirajı nəticəsində kampaniyanın əsas hədiyyəsi olan Subaru Forester avtomobilinin sahibi müəyyən edilib.

Bank Respublika 1992-ci ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasında səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur. 1 iyul 2009-cu il tarixinə Bank Respublikanın məcmu kapitalı 55,8 mln. manat, nizamnamə kapitalı isə 22,6 mln. manatdır. Hazırda Bakı və regionlarda Bank Respublikanın 33 filial və şöbəsi fəaliyyətdədir.

İyulun 14-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti