...

Iteca Caspian 2010-cu ildə Azərbaycanda 18 sərgi və 3 konfrans keçirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2010 18:57 (UTC +04:00)
"Iteca Caspian" 2010-cu ildə Azərbaycanda 18 sərgi və 3 konfrans keçirməyi planlaşdırır, iki layihə bu ilin debütü olacaq.
Iteca Caspian 2010-cu ildə Azərbaycanda 18 sərgi və 3 konfrans keçirməyi planlaşdırır

Azərbaycan, Bakı, 12 yanvar / Trend /

"Iteca Caspian" 2010-cu ildə Azərbaycanda 18 sərgi və 3 konfrans keçirməyi planlaşdırır, iki layihə bu ilin debütü olacaq. Sərgilər apreldə start götürəcək.

Sərgi mövsümünü 13-14 aprel tarixlərində Gülüstan sarayında keçiriləcək "Banklar və Maliyyə" Sərgi və Konfransı ("Caspian Banking and Finance") açacaq. Sərgi ziyarətçilərini "AITF", "WorldFood Azerbaijan", "TransCaspian", "Caspian Oil and Gas" kimi yaz layihələri ilə tanışlıq gözləyir, payızda isə "BIHE", "Education and Career", "BakuBuild", "BakuTel", "CIPS" və digər sərgilərin qapıları ziyarətçilər üçün açıq olacaq. Planlaşdırılmış təqvimdən göründüyü kimi, "Iteca Caspian" şirkəti sərgi fəaliyyətinin inkişafını paytaxtın hüdudlarından kənarda da davam etdirəcək. Belə ki, "West Azerbaijan Infrastructure" və "WestAzBuild" sərgiləri sentyabr ayında Gəncə şəhərində keçiriləcək.

Ənənəvi "GIOGIE" sərgi və konfransı 24-25 mart tarixlərində Tbilisi şəhərində keçiriləcək. Bu il ilk dəfə olaraq, neft və qaz mühəndisliyi üzrə mütəxəssislərin daha da yaxından ünsiyyət qurmaları üçün bir meydança yaratmaq məqsədi ilə 1-ci Bakı Regional Neft Texnologiyaları Konfransının ("OilTech Baku") keçirilməsi nəzərdə tutulur.

Mövcud layihələrin keyfiyyətinin artırılması, eləcə də eksponentlərin Azərbaycan sərgilərində iştirakdan maksimum dərəcədə faydalanmaları "Iteca Caspian" şirkətinin 2010-cu ilin sərgi mövsümü çərçivəsində əsas məqsədləri olacaq. Bundan əlavə, sərgi ziyarətçiləri üçün sərgidə iştirakın səmərəliliyinin artırılması üçün ekspress qeydiyyat, şirkət nümayəndələri ilə görüşlərin təyin olunması və bir sıra digər yeniliklər tətbiq ediləcək.

Sərgilərin uğur qazanmasının əsas səbəbi "Iteca Caspian" şirkəti tərəfindən keçirilən bütün tədbirlərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Memarlar İttifaqı, Azərbaycan Turizm Assosiasiyası kimi dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilməsidir. Bəzi sərgilər Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitəsi Birliyi (ITU), Ümumdünya Turizm Təşkilatı, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, BMT-nin İnformasiya Texnologiyaları və İnkişaf üzrə Qlobal Alyansı (GAID), Rabitə sahəsində Regional Əməkdaşlıq (PCC), Turizm Sərgiləri Təşkilatçılarının Assosiasiyası kimi nüfuzlu beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir.

Artıq bir neçə ildir ki, Azərbaycanda keçirilən sərgilərdə Dünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən illik audit aparılır. "Caspian Oil & Gas", "BakuBuild", "WorldFood Azerbaijan", "BIHE", "BakuTel", "AutoShow" kimi sərgilər keyfiyyət nişanı ilə təltif ediliblər. "UFI tərəfindən təsdiq edilib" nişanı tədbirlərin yüksək səviyyədə təşkil edilməsini, eləcə də onların biznesin inkişafına və sənayenin formalaşmasına olan təsirini və sərgi təşkilatçısının təqdim etdiyi statistikanın doğruluğunu bir daha sübuta yetirir.

Sərgilərin təşkil edilməsi və onların uğurla keçirilməsində layihə tərəfdaşlarının rolunu qeyd etməmək mümkün deyil. Belə ki, 2010-cu ildə "Paşa Sığorta" şirkəti, texniki dəstək üzrə provayder "Caspel" şirkəti, sərgilərin rəsmi mehmanxanası "Qafqaz Point Hotel" sərgi təşkilatçıları qismində çıxış edəcəklər.

"ITE Group plc" şirkətinin "Iteca Caspian LLC" (Azərbaycan), "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (ÇXR), "ITE Gulf" (BƏƏ) kimi tərəfdaşları layihələrə cəlb ediliblər. Onlar milli qrupların və beynəlxalq eksponentlərin Azərbaycan sərgilərinə fəal şəkildə cəlb olunması ilə məşğul olacaqlar. "Iteca Caspian" şirkətinin bütün sərgiləri Londonda işlənib hazırlanmış güclü ticarət nişanı - "ITE" biznes modelində birləşir. Sərgilərin Azərbaycanda uğur əldə etməsi bütün beynəlxalq ofislərin sıx əməkdaşlıq zəminində fəaliyyət göstərməsinin nəticəsidir.

Bütün dünyada sərgilər üzrə ümumi statistik göstəricilərin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda unikal göstəricilər qeydə alınıb. Belə ki, 2009-cu ildə bütün beynəlxalq səviyyəli sərgilər çox yüksək səviyyədə keçmiş və çoxsaylı iştirakçıların olması ilə yadda qalmışdır. Bu isə öz növbəsində Azərbaycanda iqtisadi şəraitin müsbət dinamik inkişafı ilə əlaqələndirilə bilər. Sevindirici haldır ki, sərgilərin bir çox daimi iştirakçıları, o cümlədən Azərbaycan Beynəlxalq Bankı, ARDNŞ, "İdrak Technology Transfer", "Nokia Siemens Networks", "Nobel Oil", "Azenergy", "BP", "OMV", "Cross Caspian Oil and Gas Logistics LLC", "Saipem Eni", "TMT", "Garadağ Sement ASC", "Mətanət A" və digər şirkətlər 2010-cu ilin sərgilərində iştirak etmək üçün artıq ötən ildən yerlər sifariş ediblər. Bundan əlavə, Almaniya, İtaliya, Çin, Malayziya, BƏƏ, Türkiyə və digər ölkələrin milli qrupları da öz iştiraklarını artıq təsdiq ediblər. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan bazarı bir çox şirkətlər üçün maraq kəsb edir. "Doing Business 2009" layihəsinin hesabatına əsasən, Azərbaycan biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş islahatların sayı, ələlxüsus onların yaratdığı müsbət effektə görə və biznesin həyata keçirilməsi şəraitləri üzrə ümumdünya reytinqində 1-ci yeri tutur. 2009-cu ildə ÜDM (ümumi daxili məhsul) 8% artmışdır. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, 2010-cu ildə Azərbaycanda ÜDM üzrə artım 7,4% təşkil edəcək. Bununla yanaşı, BVF sədrinin hesablamalarına əsasən, bu göstərici bütün MDB məkanında rekord göstərici olacaq. Belə proqnozlar təbii ki, xüsusən sərgilərə öz müsbət təsirini göstərməməyə bilməz. Azərbaycan bazarının böhrana qarşı davamlı olması, onun əvvəlcədən müəyyən edilə bilməsi və onun dinamikliyi beynəlxalq şirkətlərin ölkədə keçirilən sərgilərdə iştirak etmək qərarlarına təsir göstərən əsas amillər sayılır. Biznesin inkişafı üçün münbit şərait, sərgi və konfransların yüksək səviyyədə təşkil edilməsi və müasir dünya standartlarına cavab verən sərgi kompleksi Azərbaycanı Xəzəryanı region və Qafqazda sərgi biznesinin mərkəzi kimi qəbul edilməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti