...

Norveçin Kadastr və Xəritəçəkmə Təşkilatı Azərbaycana ünvan reyestrinin yaradılmasında kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2010 14:49 (UTC +04:00)
Cümə axşamı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Norveçin Kadastr və Xəritəçəkmə Təşkilatı arasında Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması barədə qrant sazişi imzalanıb. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir.
Norveçin Kadastr və Xəritəçəkmə Təşkilatı Azərbaycana ünvan reyestrinin yaradılmasında kömək edəcək

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Ü.İsmayılova/

Cümə axşamı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət KomitəsiNorveçin Kadastr və Xəritəçəkmə Təşkilatı arasında Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması barədə qrant sazişi imzalanıb. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir. Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli Fərmanında Azərbaycanda ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları təsdiq edilib.

Qrant razılaşmaya əsasən, sistemin yaradılması layihəsi 1 il ərzində həyata keçiriləcək.

Məlumatda bildirilir ki, ünvan reyestrinin yaradılması ölkəmizin daşınmaz əmlak obyektlərinin ünvanlarının müəyyən edilməsində və bütövlükdə, ünvanların nizamlanmasında əhəmiyyətli rol oynayacaq. Layihənin məqsədi Azərbaycan Prezidentinin 27 noyabr 2008-ci il tarixli Fərmanına uyğun olaraq, ünvan məlumatlarının daxil edilməsi, saxlanılması və istifadəçilərə yayılması üçün istifadə ediləcək ünvan peyestrinin yaradılmasıdır.

Qrant sazişi çərçivəsində ilkin mərhələdə beynəlxalq məsləhətçilərin xidmətlərindən istifadə olunacaqdır. Belə ki, sistemə dair texniki tələblər müəyyən ediləcək və tender əsasında reyestrin məlumat bazasının hazırlanması işlərinə başlanacaq.

Ünvan reyestrinin yaradılması nəticəsində, ünvanlar haqqında mərkəzləşdirilmiş informasiya bazası formalaşdırılacaq, ünvanlar barədə çevik qaydada məlumat almaq mümkün olacaq, daşınmaz əmlaklara ünvan verilməsi və idarə edilməsi asanlaşacaq. Eyni zamanda, ünvanlara dair informasiya sistemi dövlət qurumları və bələdiyyələr tərəfindən istifadə olunacaq, onların idarəetmə işlərində və fəaliyyətlərində mühüm rol oynayacaq.

Ünvan reyestrində daşınmaz əmlak barədə obyektin ünvanından başqa, onun növü, əmlakın sahibi, yerləşdiyi ünvanın indiki və əvvəlki adları və s. sistemləşdirilmiş məlumatlar olacaq. Bu məlumatlar həm mətn, həm də qrafik şəkildə saxlanacaq.

Ünvan reyestrinin informasiya sistemi ünvan məlumatlarının istifadəçilərə çatdırılmasını, eləcə də Azərbaycanda mövcud digər elektron reyestrlərlə ünvan məlumatlarının elektron mübadiləsini asanlaşdıracaqdır.

Yaradılacaq ünvan reyestrinin informasiya sisteminin beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndirilməsi məqsədilə, Avropa Birliyinin EURADIN layihəsi və INSPIRE tapşırıqlarından istifadə ediləcək.

Sazişə uyğun olaraq layihə iki mərhələdə həyata keçiriləcək. Layihənin I mərhələsinin nəticəsi ünvan reyestrinin informasiya sisteminin hazırlanması üçün tələb olunan texniki spesifikasiyalar hazırlanacaq. Layihənin II mərhələsinin nəticəsi isə komitədə və yerlərdə işlədiləcək operativ ünvan reyestridir.

Norveç Xəritəçəkmə Təşkilatı maksimum yerli məşğulluq və sahibliyi təmin etmək məqsədilə, Əmlak Məsələləri Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində layihəyə rəhbərlik və nəzarət edəcək.

Xəbər lenti

Xəbər lenti