...

Azərbaycan İpoteka Fondunun portfelinin 9 faizindən çoxu "Bank Standard"ın payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2010 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə "Bank Standard"ın verdiyi ipoteka kreditlərinin ümumi məbləği 18,9 milyon manat təşkil edir ki, bu da 2009-cu ilin göstəricisindən iki milyon manat çoxdur. Bu barədə bankdan çərşənbə günü bildiriblər.

"İpoteka kreditləşməsi başlanandan indiyədək bank öz kommersiya ipoteka proqramları çərçivəsində altı milyon manat məbləğində 160 ipoteka krediti verib", - bankdan deyiblər.

2010-cu ilin iyununda Bank Standard ABU Park yaşayış kompleksi ilə birlikdə rəqabət qabiliyyətli faiz dərəcələri (ildə 12,5 faiz) ilə və 25 il müddətə nəzərdə tutulan ipoteka kreditləşməsi üzrə xüsusi kommersiya proqramı həyata keçirib.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb. 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlanılıb. İyulun 1-nə olan məlumata görə, Azərbaycanda AİF-in xətti ilə 52,1 milyon manat məbləğində kredit verilib. Bu göstərici cari ilin iyun ayında 41,7 milyon manat olub.

Yanvar-iyun aylarında fondun yenidən maliyyələşmə kreditlərinin məbləği 45,7 milyon manata çatıb. 2009-cu ildə ölkədə 76,4 milyon manat məbləğində ipoteka krediti verilib.

2006-2010-cu illər üçün ipoteka kreditlərinin ümumi məbləği 204,3 milyon manat təşkil edib. "Bank Standard"ın bu portfeldə payı 9,25 faizdir.

İpoteka kreditləşməsi başlanandan fondun xətti ilə ölkədə aparılan ipoteka əməliyyatlarının maliyyələşməsi üçün Azərbaycanın dövlət büdcəsindən 94 milyon manatın ayrılması planlaşdırılıb. Bu vəsaitlərdən fonda hələ ki 87,1 milyon manat köçürülüb.

Hazırda ölkədə AİF xətti ilə ipoteka kreditləri 3 ildən 25 ilədək müddətə 50 min manatdan çox olmamaqla verilir. Bu kreditlər üzrə faiz dərəcəsi ildə 8 faizi ötmür.

İyulun 21-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti