...

Bakıda ilk dəfə olaraq "Road & Traffic" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 18:34 (UTC +04:00)
Bu ilin 16-18 iyun tarixlərində "Bakı Ekspo" sərgi mərkəzində Azərbaycanda ilk dəfə olaraq bütün regionun yol-tikinti sənayesinin geniş mənzərəsini əks etdirən unikal və ixtisaslaşdırılmış tədbir - "Road and Traffic" 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi keçiriləcək.
Bakıda ilk dəfə olaraq "Road & Traffic" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu ilin 16-18 iyun tarixlərində "Bakı Ekspo" sərgi mərkəzində Azərbaycanda ilk dəfə olaraq bütün regionun yol-tikinti sənayesinin geniş mənzərəsini əks etdirən unikal və ixtisaslaşdırılmış tədbir - "Road and Traffic" 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi keçiriləcək.

Sevindirici haldır ki, "Road and Traffic" (Yol və Nəqliyyat) sərgisi bu il ilk dəfə keçirilsə də, artıq Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəstək alıb. Ölkədə beynəlxalq "Road and Traffic" sərgisinin keçirilməsi barədə qərarın verilməsi çoxsaylı layihələrin mövcudluğu və Azərbaycan hökuməti tərəfindən yol infrastrukturu və ictimai nəqliyyatın inkişafına külli miqdarda büdcə vəsaitinin ayrılması ilə bağlıdır. Bu sərgi maraqlı tərəflərin öz məhsul və xidmətlərini nümayiş etdirmələri üçün əla imkan yaradır.

"Road&Traffic" sərgisi yol infrastrukturunun bütün bölmələrini əhatə edən tematik ekspozisiyalara - yol tikintisi, ictimai nəqliyyat, nəqliyyatın intellektual idarə edilməsi və yol təhlükəsizliyi sistemləri kimi seqmentlərə bölünüb. Bu debüt sərgidə Azərbaycan, Almaniya, Türkiyə, Rusiya, Çin və digər ölkələri təmsil edən şirkətlər iştirak edirlər. İştirakçılar arasında yerli və beynəlxalq təşkilatlar, yol-tikinti müəssisələri və ictimai nəqliyyat operatorları var. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə Azərbaycan Nəqliyyat Nazirliyinin struktur bölmələri olan "AvtoNəqliyyatServis" Departamenti və "AzərYolServis" ASC də iştirak edir.

Sərginin yol tikintisi bölməsində Azərbaycanın yol kompleksləri ilə bağlı yeni layihələri (yollar, körpülər, tunellər) təqdim olunacaq. İctimai nəqliyyat sahəsində isə Bakı üçün yeni taksi modellərinin təqdimatı keçiriləcək və sərgi mərkəzinə bitişik olan ərazidə "keb" tipli yeni taksilərin "test-drayv"ları təşkil olunacaq. Sərgidə Bakı Metropoliteninin gələcək inkişafı ilə bağlı layihələr, Çin və Rusiya istehsalçılarının yeni metro vaqonları nümayiş etdiriləcək. Həmçinin, sərgi ekspozisiyasına yol təhlükəsizliyi, yol nişanlarının çəkilməsi və yolların işıqlandırılması vasitələri, habelə nəqliyyatın intellektual idarə edilməsi sistemləri də daxil olacaq.

Yol hərəkətinin təşkil edilməsinə respublika rəhbərliyi tərəfindən xüsusi diqqəti yetirilir. Son illər Azərbaycan öz nəqliyyat infrastrukturunu sürətli templərlə yenidən qurur. Söhbət müasir dəmiryol magistralları, avtomobil yolları, liman, gəmiqayırma zavodu və s. bu kimi obyektlərin tikintisindən gedir. Həyata keçirilən işlər şübhəsiz ki, milli iqtisadiyyatın ən mühüm məqsədlərindən birinə, yəni qeyri-neft sektorunun inkişafına xidmət edir. Beləliklə, "Road&Traffic" sərgisinin məqsədi nəqliyyat sənayesində həyata keçirilən fəaliyyətlərin nəticələrini və yol infrastrukturu sahəsində işlənib hazırlanmış qabaqcıl vasitələri təqdim etmək, eləcə də bu sahə üzrə layihələrə maliyyə vəsaitlərini cəlb etmək və beynəlxalq tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdir.

Sərginin təşkilatçıları "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləridir.

Xəbər lenti

Xəbər lenti