...

Azərbaycan Əfqanıstanda qəzaya uğramış təyyarənin ekipajının taleyinin aydınlaşdırılmasını tələb edir - komissiya üzvü

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 12:30 (UTC +04:00)
"Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 təyyarəsinin Əfqanıstanda qəzaya uğraması səbəblərini araşdıran komissiya əfqan tərəfinə müraciət edərək bu hava gəmisinin ekipajının taleyini aydınlaşdırmağı tələb edib.
Azərbaycan Əfqanıstanda qəzaya uğramış təyyarənin ekipajının taleyinin aydınlaşdırılmasını tələb edir - komissiya üzvü

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Əliyev/

"Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 təyyarəsinin Əfqanıstanda qəzaya uğraması səbəblərini araşdıran komissiya əfqan tərəfinə müraciət edərək bu hava gəmisinin ekipajının taleyini aydınlaşdırmağı tələb edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı hadisənin araşdırılması üzrə Azərbaycan komissiyasının üzvü, "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımov bildirib.

Dünən əfqan tərəfi Azərbaycan təyyarəsinin "qara qutu"larından birinin aşkar edildiyini bəyan edib. Bu cihaz hava gəmisinin uçuşu ərzində bütün göstəriciləri çəkir. Onun şifrəsinin açılmasından sonra əldə olunacaq məlumatlar qəzanın səbəbləri barədə daha çox məlumat verə bilər.

Qasımovun dediyi kimi, beynəlxalq konvensiyalara görə, qəzanın səbəblərini hadisənin baş verdiyi ölkə araşdırır. İndiki halda bu ölkə Əfqanıstandır. Azərbaycan "qara qutu"nun bütün zəruri avadanlıqlara və belə avadanlıqların şifrəsinin açılmasında təcrübəyə malik olan Beynəlxalq Aviasiya Komitəsinə (Moskva) verilməsi haqqında təkliflə müraciət edib. Bundan əlavə təyyarə Rusiya istehsalı olub.

"Silk Way" nümayəndəsinin sözlərinə görə, hadisələrin istənilən inkişafı zamanı "qara qutu"nun açılması Azərbaycan və Əfqanıstan tərəfinin, eləcə də Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndələrinin iştirakı ilə baş tutacaq.

İyulun 7-nə keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Azərbaycan artıq Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə iki nota təqdim edib.

Kabildə olan komissiya üzvləri qəza yerindəki mürəkkəb vəziyyətlə əlaqədar indiyədək təyyarənin düşdüyü yerə çata bilməyiblər.

"Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov mətbuat konfransında deyib.

Xəbər lenti

Xəbər lenti