Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir N.İsmayılova/
Hazırda Azərbaycan bankı "Kapital Bank"ın prosessinq mərkəzi - "KapitalKart" ölkədə əməliyyatların həcminə görə ikinci və kartların sayına görə isə birincidir. Bu barədə çərşənbə günü Trend-ə bankın idarə heyətinin sədr müavini Yaşar Məmmədov deyib.
"Hazırda "KapitalKart" yalnız "Kapital Banka" xidmətlər göstərir, lakin müraciətlərdən asılı olaraq, sistemə ölkənin digər banklarının qoşulması da təmin oluna bilər", - Məmmədov bildirib.
Hazırda "Kapital Bank" ölkə bankları arasında aktiv plastik kartların sayına görə liderdir. Bankın buraxdığı plastik kartların sayı 2095 390 ədəd, bankomatlar - 401 ədəd, POS-terminallar - 416 ədəd təşkil edir.
"Plastik kartların sayının artırılmasının stimullaşdırılması və bankın ekvayrinq şəbəkəsinin genişləndirilməsi məqsədilə bir sıra tədbirlər görülür. "Kapital Bank" əməkdaşlığa müxtəlif ticarət obyektlərini, mağazaları, istirahət zonalarını və hotelləri cəlb edir", - Məmmədov qeyd edib.
Bankın daxili prosessinq sistemi - "KapitalKart" 2009-cu ildə yaradılıb və MasterCard International və VISA International beynəlxalq ödəniş sistemləri tərəfindən tam sertifikatlaşdırılıb.
"Kapital Bank"da prosessinq mərkəzinin yaradılması "Compass" şirkəti tərəfindən həyata keçirilib.
Layihənin dəyəri 1,29 milyon avrodur. Onun həyata keçirilməsi bankın şəxsi vəsaitləri hesabına reallaşdırılır. Nəzərdə tutulurdu ki, funksional baxımdan mərkəzin imkanları hazırda Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzlərinin imkanlarından iki dəfə çox olacaq. [Ölkədə Azərbaycan Beynəlxalq Bankının təsisçisi olduğu "Azericard" fəaliyyət göstərir. Əvvəllər orada "Kapital Banka" xidmət göstərilirdi. Bundan başqa, təsisçiləri 18 kommersiya bankı və AYİB-in olduğu "MilliKart", "Texnika Bank"ın yaratdığı "TexKart" və "Royal Bank"ın "Royal Card" prosessinq mərkəzləri fəaliyyət göstərir].
"Kapital Bank"ın prosessinq mərkəzinin ilkin buraxılış imkanı 2,5 milyon kart təşkil edir və 550 bankomata, 200 informasiya köşkünə və 5 min POS-terminala xidmət göstərəcək.
2008-ci ilin yayınadək "Kapital Bank" tamamilə dövlət mülkiyyətində olub. Hazırda "Kapital Bank"ın səhmdarı "Paşa Holdinq"dir. Ona səhmlərin 97,75 faizi məxsusdur.
Əvvəllər "Kapital Bank" Birləşmiş Universal Səhmdar Bankı (BUS Bank) adlanıb. Öz növbəsində Birləşmiş Universal Səhmdar Bankı Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə açıq tipli səhmdar cəmiyyəti formasında yaradılıb. BUS Bank üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində yaradılıb.
"Kapital Bank"ın aktivləri 2011-ci ilin birinci yarısında 11,8 faiz artaraq iyulun 1-nə 874,4 milyon manat olub. Bankın məcmu kapitalı 71,88 milyon manat, nizamnamə kapitalı isə 30 milyon manat təşkil edib.
Avqustun 3-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.