...

Zəfər Çağlayan: Türkiyə və Azərbaycanın mal dövriyyəsi və qarşılıqlı investisiyaları sürətlə artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 17:38 (UTC +04:00)
Türkiyə və Azərbaycanın mal dövriyyəsi və qarşılıqlı investisiyaları sürətlə artmaqda davam edir. Bu barədə çərşənbə günü Trend-ə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.
Zəfər Çağlayan: Türkiyə və Azərbaycanın mal dövriyyəsi və qarşılıqlı investisiyaları sürətlə artır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Azərbaycanın mal dövriyyəsi və qarşılıqlı investisiyaları sürətlə artmaqda davam edir. Bu barədə çərşənbə günü Trend-ə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

2011-ci ilin yekunları üzrə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 3,5 milyard dollar təşkil edib. Bunun iki milyard dolları Türkiyəyə ixracın, 1,4 milyard dolları isə Azərbaycandan idxalın payına düşür.

"1999-cu ildə ölkələr arasında mal dövriyyəsi 300 milyon dollar təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən təqribən 12 dəfə azdır", - nazir deyib.

Onun sözlərinə görə, 2012-ci ilin yanvar ayından aprel ayına qədər olan dövrdə Türkiyədən Azərbaycana ixrac 2011-ci ilin analoji dövrü ilə müqayisədə 38,5 faiz artaraq 785 milyon dollar təşkil edib. Göstərilən dövrdə Azərbaycandan idxal ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 631 milyon dollar olub.

"Bu rəqəmlər ölkələr arasında mal dövriyyəsinin növbəti illərdə də dinamik artacağını əminliklə söyləməyə imkan verir", - Çağlayan deyib.

O, həmçinin qeyd edib ki, ölkələr arsında keçirilən iqtisadi və biznes forumlar iki ölkə sahibkarlarının sıx əməkdaşlığı üçün əsas yaradır.

"Türkiyə və Azərbaycanın iqtisadi və ticari əlaqələrinin potensialı hazırkı göstəricilərdən xeyli çoxdur, ona görə də biz azərbaycanlı həmkarlarımızla birgə bu əlaqələrin inkişaf etdirilməsinə çalışırıq", - Çağlayan deyib.

Nazir onu da deyib ki, Türkiyə və Azərbaycanın qarşılıqlı investisiyaları da mal dövriyyəsi kimi sürətlə artır və bu zaman qarşılıqlı investisiyaların qoyulduğu sektorların sayında artım müşahidə olunur.

Çağlayanın fikrincə, Azərbaycan neftinin Türkiyədən dünya bazarlarına nəqli layihəsi, habelə əsrin layihəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan Türkiyə və Azərbaycanın əməkdaşlığında yeni mərhələ oldu və Azərbaycan neftinin dünya bazarlarına tədarükü üçün yeni imkanlar açdı.

"Bu layihənin reallaşdırılmasından sonra Azərbaycan iqtisadiyyatı daha aktiv inkişaf etməyə başladı, cəmiyyətin rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşdı", - nazir deyib.

O bildirib ki, həmçinin, ölkələr arasında Türkiyə və Azərbaycanın, o cümlədən bütün regionun iqtisadiyyatına böyük töhfə verəcək digər enerji və nəqliyyat layihələri mövcuddur və onlar müzakirə mərhələsindədir.

Türkiyənin Azərbaycana kapital qoyuluşları məsələsinə toxunan nazir deyib ki, hazırda Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi həcmi 6,5 milyard dollar təşkil edir. Bu investisiyalar həcmindən 3,2 milyard dollar Azərbaycanın enerji sektorunun payına düşür.

Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı 1266 ədəd təşkil edib. O qeyd edib ki, bu şirkətlər Azərbaycanda 30 min iş yeri açıblar. Bununla da Türkiyə şirkətləri ölkədə maksimum iş yeri açan xarici şirkətlər arasında birinci yeri tutublar.

Nazir habelə bildirib ki, Azərbaycanda Türkiyə şirkətləri, əsasən, podratçı fəaliyyətlə məşğul olurlar. Bu şirkətlər vacib dövlət binaları və özəl obyektlərin tikintisi və təmirinə cəlb olunublar.

Türkiyənin inşaat şirkətləri bu günə kimi Azərbaycanda ümumi dəyəri 5,6 milyard dollar olan 291 layihə reallaşdırıblar. 2011-ci ildə 962 milyon dollar dəyərində 47 layihə həyata keçirilib.

Çağlayanın sözlərinə görə, 2011-ci ildə Türkiyə müəssisələri Azərbaycanın dövlət büdcəsinə vergi qismində 404 milyon dollar vəsait köçürüblər. Ümumilikdə, 2000-2011-ci illər dövründə Azərbaycanda fəaliyyət göstərən Türkiyə müəssisələrinin vergi ödəmələri 2,2 milyard dollar təşkil edib.

Hazırda Türkiyədə Azərbaycan investisiyaları ilə çalışan 1 049 şirkət fəaliyyət göstərir. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları üç milyard dollar təşkil edir. Azərbaycanın investisiyaları, əsasən, energetika və turizm sahələrinə qoyulub.

"Azərbaycan və Türkiyə tərəfləri qarşılıqlı investisiyaların artımı üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əməkdaşlığı davam etdirəcəklər", - Çağlayan deyib.

Xəbər lenti

Xəbər lenti