...

Azərbaycan və Macarıstanın su operatorları arasında saziş imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 17:16 (UTC +04:00)
Bu gün “Azərsu” ASC ilə Macarıstanın “Budapeşt Sukanal” SC (Waterworks of Budapest Plc. şirkəti) arasında əməkdaşlığa dair saziş imzalanıb.
Azərbaycan və Macarıstanın su operatorları arasında saziş imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bu gün "Azərsu" ASC ilə Macarıstanın "Budapeşt Sukanal" SC (Waterworks of Budapest Plc. şirkəti) arasında əməkdaşlığa dair saziş imzalanıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imzalanma mərasimində çıxış edən "Azərsu" sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Hüseynov sistemlərin dünya standartları səviyyəsində qurulması məqsədi ilə layihələrin icrasında ən yeni texnologiyalardan istifadə edildiyini, su təchizatı və kanalizasiya infrastrukturlarının müasir metodlarla idarə edilməsinə üstünlük verildiyini qeyd edib.

"Hesab edirəm ki, bu sahədə böyük təcrübəsi olan Macarıstanın "Budapeşt Sukanal" Səhmdar Cəmiyyəti ilə əməkdaşlığımızın geniş perspektivləri var. Su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihələrinin əhatə dairəsi daha da genişlənəcək və bu sahədə sizinlə əməkdaşlığı davam etdirəcəyik. Bu əməkdaşlıq çərçivəsində bir müddət əvvəl "Azərsu" ASC-nin mütəxəssisləri Macarıstana ezam edilmiş və "Budapeşt Sukanal" SC-nin fəaliyyəti ilə yaxından tanış olmuşdular".

"Budapeşt Sukanal"ın baş direktoru Csaba Haranghy Azərbaycanda infrastruktur sistemlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini qeyd edib, içməli su təchizatı və kanalizasiya sektorunda yeni layihələrin icrasını yüksək dəyərləndirib: "Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılıb. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsinə əsaslanaraq əməkdaşlığın geniş perspektivləri olduğunu demək mümkündür. Bizim idarəetmə sistemlərinin yaradılması, müasir tipli su anbarlarının tikintisi səhəsində böyük təcrübəmiz var".

Sazişi "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov və "Budapeşt Sukanal" SC-nin baş direktoru Csaba Haranghy imzalayıb.

Qeyd edək ki, Macarıstanın "Waterworks of Budapest Plc." şirkəti 11-13 aprel 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisinin iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti