...

Vergi ödəyicilərinə Xidmət Mərkəzində "Açıq qapı" günü keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 17:38 (UTC +04:00)
Noyabrın 12-də Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş Vergi ödəyicilərinə Xidmət Mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
Vergi ödəyicilərinə Xidmət Mərkəzində "Açıq qapı" günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Noyabrın 12-də Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş Vergi ödəyicilərinə Xidmət Mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Açıq qapı" günü keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan vergi ödəyicilərinə xidmət sahəsində aparılan işlər, bu xidmətlərin səviyyəsinin artırılması üçün görülən tədbirlərlə tanış etmək məqsədi daşıyıb.

KİV nümayəndələri Mərkəzin inzibati binası, iş otaqları, o cümlədən kameralarla təchiz edilmiş xidmət və təhlil otaqları ilə yaxından tanış olublar. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov mətbuat nümayəndələrinə Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, Vergi ödəyicilərinə xidmət mərkəzləri vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə yaradılır və vergi ödəyicilərinə göstərilən xidmətlərin onların yaşayış və iş yerlərinə yaxın ərazilərdə təşkil olunur. Mirəli Qaşqay, 56 ünvanında təşkil edilən yeni Mərkəz də Bakı şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xidmət göstərəcək.

Əvvəllər Vergilər Nazirliyinin inzibati binasında fəaliyyət göstərən 195 Çağrı Mərkəzi də bu binaya köçürülüb. Vergi ödəyicilərinə Xidmət Mərkəzi müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilib. Burada vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxış imkanı yaradılır, vergi bəyannamələri, vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatların verilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı geniş spektrdə xidmətlər göstərilir. Həmçinin fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, NKA-nın, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, e-vergi hesab-fakturalarının göndərilməsi, məktub və ərizələrin göndərilməsi və s. məsələlər üzrə də vətəndaşlara lazımi köməklik göstərilir. Mərkəzdə vergi ödəyicilərinə vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi də təmin edilir.

Daha sonra KİV nümayəndələri yeni binaya köçürülmüş 195 Çağrı Mərkəzi ilə tanış olublar. 195 Çağrı Mərkəzinin rəhbəri Məhəmməd Yunusov Mərkəzin fəaliyyəti ilə bağlı mətbuat nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, 195 Çağrı Mərkəzinin əsas məqsədi vergi ödəyicilərinə müasir standartlara uyğun ödənişsiz vergi xidmətlərinin göstərilməsidir. Vergilər Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən birinin vətəndaşlara göstərilən xidmət səviyyəsinin mütəmadi olaraq arıtırılması məqsədilə Vergilər Nazirliyi vergi ödəyicilərinin ehtiyacı olan bütün xidmətlərin bir məkanda təmin olunduğu Mərkəz yaratmaq qərarına gəlib. 195 Çağrı Mərkəzi sahibkarların, ümumiyyətlə, vətəndaşların vaxt itkisinə yol vermədən vahid mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin edir.

Mərkəzdə göstərilən xidmətlərin səviyyəsinin dəyərləndirilməsi üçün vətəndaşlara sorğuda iştirak etmək, rəy və təkliflərini bildirmək, eləcə də mərkəzin fəaliyyətində hansısa bir narazılıq olduğu təqdirdə Mərkəzdən çıxmadan Vergilər Nazirliyinə birbaşa müraciət etmək imkanı yaradılıb. Bütün bu imkanlar Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlərin hər bir vergi ödəyicisi üçün əlçatan olmasını təmin etmək, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədini daşıyır.

Tədbirin sonunda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti