Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Əliyev/
Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 3,86 faiz artdığını bildirib. Trend-in məlumatına görə, bu barədə Komitənin hesabatında deyilir.
Bu dövr ərzində Azərbaycan 148 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 31,72 milyard dollar təşkil edib.
Xarici ticarət əməliyyatlarında 12 milyard dollardan çox müsbət saldo yaranıb.
Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 6627 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 3736 hüquqi, 2891-i isə fiziki şəxsdir.
Yanvar-noyabr aylarında 21,99 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 0,46 faiz azdır.
İxrac əməliyyatlarında dövlət sektorunun payı 20,51 milyard dollar (93,27 faiz), özəl sektor - 1,27 milyard dollar (5,78 faiz), fiziki şəxslərin payı isə 213,01 milyon dollar (0,97 faiz) olub.
Yanvar-noyabr aylarının yekunlarına görə, idxal 9,73 milyard dollar təşkil edib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 15,17 faiz çoxdur.
İdxal əməliyyatlarında dövlət sektorunun payı 3,01 milyard dollar (30,94 faiz), özəl sektor - 6,27 milyard dollar (64,44 faiz), fiziki şəxslərin payı isə 443,88 milyon dollar (4,56 faiz) olub.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 2031 adda məhsul ixrac, 6051 adda məhsul isə idxal olunub.