Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Əliyev/
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağstafada prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Ağstafa rayonunun Dağkəsəmən kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağstafa rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;
- kiçik və ya orta həcmli meyvə-tərəvəz emalı və meyvə qurutma müəssisələrinin yaradılması;
- intensiv bağçılıq təsərrüfatlarının yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.