...

"Bank Respublika"nın "Antalyaya səyahət" kampaniyasının qalibləri müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İyunun 28-də "Bank Respublika"nın baş ofisində müstəqil şirkət və təşkilatların nümayəndələrindən ibarət Münsiflər Heyətinin və bankın plastik kart müştərilərinin iştirakı ilə "Antalyaya səyahət" kampaniyasının mükafatlarının oynanılma mərasimi keçirilib.

Bankın yaydığı məlumatda bildirilir ki, kampaniya çərçivəsində iki nəfər üçün Antalyada 5 ulduzlu oteldə yeddi günlük istirahət, habelə 11 əlavə mükafat - noutbuk və 10 mobil telefon oynanılıb. Bank hədiyyə qazanmış müştəriləri telefonla xəbərdar edib.

Kampaniyada "Bank Respublika"nın MasterCard, Maestro və VISA plastik kartlarının istifadəçiləri iştirak edirdilər. Bu kartlarla ən azı 20 manat, ABŞ dolları və ya avro məbləğində həyata keçirilmiş hər bir əməliyyat mükafat udmaq üçün 1 şansa bərabər idi. Kampaniya bu ilin 15 fevral tarixindən 15 iyun tarixinədək davam edib.

"Bank Respublika" mütəmadi olaraq plastik kart müştəriləri arasında uduş kampaniyaları keçirir. Bu günədək "Maldiv sərgüzəştləri", "Vyanaya Yeni il səyahəti", "Kipr səyahəti", "Misirə doğru" və "İtaliya səyahəti" kampaniyaları keçirilib. "Bank Respublika"nın plastik kart müştəriləri "Dubaya səfər" və "Almaniyaya Futbol üzrə Dünya Çempionatına Səyahət" kampaniyalarında da iştirak ediblər.

"Bank Respublika" müştərilərinə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan təklif edir. "Bank Respublika"nın kartları ilə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5 000-dək AZN / USD / EUR məbləğində 35 günədək faizsiz kredit götürmək olar.

Gələcəkdə Bank Respublika plastik kart müştəriləri arasında yeni uduş kampaniyasını elan etməyi planlaşdırır . Bu kampaniyanın da əsas mükafatı xaricə səyahət olacaq.

Xəbər lenti

Xəbər lenti