...

ARDNŞ: Azərbaycan qazının Avropaya tədarükünə 2019-cu ildə başlanacaq

Energetika Materials 12 Fevral 2013 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir A.Axundov/

"Şahdəniz" qaz-kondensat yatağından Azərbaycan qazının Avropaya tədarükünə 2019-cu ildə başlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq vitse-prezidenti Elşad Nəsirov çərşənbə axşamı Bakıda "Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropaya qaz nəqli marşrutunun seçimi üzrə yekun qərar bu ilin iyun ayında qəbul ediləcək.

"Azərbaycan qazının hara - Avstriyanın Baumqarten və ya İtaliyanın Pula şəhərlərinə tədarük olunacağı, yəni "Nabucco West" və ya TAP-ın seçiləcəyi barədə qərar iyunda qəbul ediləcək", - Nəsirov deyib.

Vitse-prezidentin sözlərinə görə, "Şahdəniz" layihəsi üzrə yekun investisiya qərarı bu ilin oktyabr ayında qəbul ediləcək: "Bunun nəticəsində 2018-ci ilə qədər "Şahdəniz-2" layihəsini reallaşdıra və 2019-cu ildə qazı Avropaya çatdıra bilərik".

Bu il Azərbaycan hər iki - "Nabucco West" və TAP layihələrinin iştirakçısıdır və üzvlük haqqı kimi 40-45 milyon dollar ödəməlidir.

Nəsirovun sözlərinə görə, bu gün Azərbaycan vergi ödəyiciləri sual verə bilərlər: "Yalnız biri seçiləcəyi halda nə üçün hər iki layihəyə vəsait qoyulur?"

"Rəqabətin güclü şəkildə artdığı bugünkü şəraitdə səhv etmək haqqımız yoxdur. Layihələrdən hansının pis olduğunu anlamaq üçün indi 40-45 milyon dollarla risk etmək gələcəkdə daha çox vəsait itirməkdən daha yaxşıdır", - Nəsirov bildirib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, bu və ya digər marşrutun seçimi sırf kommersiya prinsiplərindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti