Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir A.Axundov/
Azərbaycan Trans-Xəzər qaz kəməri ilə qaz nəqlindən yalnız udur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq vitse-prezidenti Elşad Nəsirov çərşənbə axşamı Bakıda "Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin iclasında keçirilən müzakirələrdə bildirib.
Onun sözlərinə görə, Türkmənistan və Avropa İttifaqından olan tərəfdaşlar arasında satış haqqında razılaşma əldə olunan kimi, Trans-Xəzər layihəsini reallaşdırmaq mümkün olacaq.
"Bizim Xəzər donanması təxminən bir il ərzində Xəzərdən təqribən 100 kilometr boru kəmərinin tikintisini başa çatdırmaq imkanına malikdir", - Nəsirov deyib.
Onun sözlərinə görə, seqmentlərin hər üçü, yəni həm Trans-Anadolu qaz kəməri, həm də Avropaya qaz nəqli marşrutu hazır olduqdan sonra bütün şirkətlər Türkmənistanla razılığa gələ biləcəklər, bir il-il yarımdan sonra isə layihə iştirakçıları hər üç seksiyanın buraxılış qabiliyyətini artıra biləcəklər.
"Bunu həyata keçirməklə Azərbaycan təkcə qaz tədarükçüsü deyil, həm də tranzit ölkə olacaq. Bu, Aİ üçün çox miqyaslı layihə olacaq", - Nəsirov bidlirib.
Onun sözlərinə görə, Azərbaycan daşınma və başqa aspektlər nəzərə alınmaqla orta Avropa tarifləri üzrə öz ərazisindən şərqi Xəzər qazının nəqli üzrə öhdəliklərə də malikdir.
"Burada heç bir sual və müzakirələr ola bilməz", - Nəsirov bildirib.
Qeyd edək ki, uzunluğu 300 kilometrə yaxın olan Trans-Xəzər qaz kəmərinin Xəzərin Türkmənistan sahillərindən Azərbaycan sahillərinədək çəkilməsi planlaşdırılır.
Türkmənistanla Aİ və başqa ölkələr arasında Trans-Xəzər qaz kəmərinin tikintisi haqqında danışıqlar ötən əsrin 90-cı illərinin sonundan aparılır.