Azərbaycan, Bakı, 3 fevral /Trend/
Qaz Emalı Zavodunun elektrik sisteminin yaxşılaşdırılması, enerji təchizatının gücləndirilməsi məqsədi ilə 2014-cü ildə mühüm işlər görülüb.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, istismarda olan 35/6 kV-luq yarımstansiya rekonstruksiya olunub, yeni avadanlıqlar quraşdırılıb. Zavodun texnoloji qurğu və obyektlərini qidalandıran yeraltı kabel xətləri torpağın üstünə çıxarılıb, kabellərin yerləşdirilməsi üçün 980 metr uzunluğunda 6 kV-luq və 1432 metr uzunluğunda 0,4 kV-luq kanallar tikilib.
Qeyd edək ki, görülmüş işlər kabel xətlərinin istismar müddətini artırıb, elektrik avadanlıqlarının etibarlı və fasiləsiz işləməsini təmin edib.
2014-cü ildə zavod üzrə sərf olunan elektrik enerjisi 2013-cü ilə nəzərən 73168 kVt/saat azaldılıb və müəssisəyə nəzərəçarpacaq iqtisadi səmərə verib.
Bundan başqa, zavodun 6 kV-luq paylayıcı quruluşlarında olan 144 ədəd KSO-272 tipli yuvalardakı yağ açarlarının istismardan çıxarılması nəzərə alınaraq, 512 və 5 nömrəli yarımstansiyalarda 58 ədəd yağ açarı müasir tipli BB/TEL-1000 vakuum açarlarla əvəz olunub. Nəticədə 6 kV-luq öaylayıcı quruluşun avadanlıqlarının etibarlı və fasiləsiz işləməsi təmin olunub, fəhlə əməyi aradan qaldırılıb, avadanlığın istismar ömrü uzadılıb, ən əsası isə bütün bunlar ekoloji cəhətdən yüksək səmərə verib.