...

"Itochu" SOCAR ilə OGPC layihəsində iştirak perspektivlərini müzakirə edib

Energetika Materials 10 İyul 2015 17:30 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə Yaponiyada işgüzar səfərdə olan nümayəndə heyəti Yaponiya dövlətinin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.
"Itochu" SOCAR ilə OGPC layihəsində iştirak perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə Yaponiyada işgüzar səfərdə olan nümayəndə heyəti Yaponiya dövlətinin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

"Itochu" korporasiyasında korporasiyanın baş vitse-prezidenti, baş məsləhətçisi, Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Yoiçi Kobayaşi və korporasiyanın icraçı direktoru, enerji bölməsinin baş əməliyyat direktoru Takaşi Yasuda ilə görüş olub.

Korporasiyanın digər yüksək vəzifəli şəxslərinin də təmsil olunduğu görüşdə iki şirkət arasında "Əsrin müqaviləsi" ilə başlayan və 20 ildən çoxdur ki, davam edən səmərəli əməkdaşlıq münasibətləri qarşılıqlı məmnunluq hissi ilə qeyd edilib. "Itochu" korporasiyasının nümayəndələri ötən müddət ərzində "Azəri-Çıraq-Günəşli" layihəsinin icrası ilə əlaqədar SOCAR-ın tərəfdaş şirkətlərə verdiyi dəstəyi müsbət qiymətləndirib və layihənin icrasındakı aparıcı roluna görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.

Görüşdə "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan layihələrinin uğurla davam etdirildiyi bildirilib, Azərbaycanda reallaşdırılması nəzərdə tutulan yeni Neft qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsində "Itochu" korporasiyasının iştirak perspektivləri üzrə danışıqlar aparılıb və digər məsələlər müzakirə edilib.

Daha sonra R.Abdullayev Yaponiya Baş nazirinin xüsusi məsələlər üzrə müşaviri İsao İlicima ilə görüş keçirib. Yaponiya şirkətlərinin Azərbaycanda reallaşdırılan neft-qaz, enerji layihələrinə cəlb olunmasından məmnunluğunu bildirən İ.İlicima Azərbaycanda hazırda həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrdə Yaponiya şirkətlərinin iştirak etməsində maraqlı olduqlarını söyləyib. Ölkəmizdə xarici sərmayədarların fəaliyyəti üçün əlverişli şərait yaradıldığını vurğulayan SOCAR prezidenti Yaponiya şirkətləri ilə səmərəli əməkdaşlıq təcrübəsindən danışıb, şirkətdə hazırda həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat verib.

Həmin gün SOCAR-ın nümayəndə heyəti Yaponiyanın JGC beynəlxalq mühəndislik şirkətində də olub. Burada keçirilən görüşdə JGC şirkətinin fəxri prezidenti Yoşihiro Şigehisa, şirkətin prezidenti və icraçı direktoru Koiçi Kavana və digər rəhbər şəxslər iştirak ediblər. Görüş zamanı dünya neft-qaz sənayesində son trendlər, JGC şirkətinin yeni tikilən və yenidənqurma işləri həyata keçirilən neft-qaz emalı və neft-kimya layihələrinin icrası üzrə geniş təcrübəsi, şirkətin NQNK layihəsində mümkün iştirak perspektivləri və digər məsələlər müzakirə olunub. R.Abdullayev və nümayəndə heyətinin digər üzvləri cari ilin mart ayından etirabən SOCAR-ın JGC şirkətində təcrübə keçən 3 gənc mütəxəssisi ilə də görüşüb, onların təlim proqramı ilə ətraflı tanış olublar. Mütəxəssislərin cəlb olunduğu layihələr və onların əldə etdiyi uğurlar barədə SOCAR rəhbərliyinə məlumat verilib.

Görüşlərdə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti