Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) yaradılması layihəsinə uzunmüddətli kredit resursları cəlb edəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, satılan malın qiyməti düşəndə gələcək layihələr üçün xərcləri azaltmaq lazım olur: "Lakin hazırda bütün layihələrimiz elə mərhələdədir ki, onların azaldılması məsələsi gündəmdə deyil. Bildiyiniz kimi, "Cənub Qaz Dəhlizi" layihəsi üzrə işlər gedir, FEED mərhələsinə və OGPC kompleksinin yaradılması üzrə işlərin ətraflı layihələndirilməsi mərhələsinə qədəm qoyduq. Mən Yaponiyada yerli şirkətlərlə bu məsələni müzakirə etdim və onların layihədə iştiraka böyük marağı var".
R.Abdullayev qeyd edib ki, Yaponiyanın "Exim Bank"ının layihənin maliyyələşdirilməsində iştirak imkanı var: "Bütün bu işlər davam etdiriləcək, OGPC-nin reallaşdırılmasına uzunmüddətli kreditlər cəlb ediləcək".
O, həmçinin "SOCAR Polymer" layihəsinin uğurla reallaşdırılmasını vurğulayıb: "Zavodun tikintisi başlayıb, maliyyələşdirmə aparılır və artıq birinci qurğuya görə müqavilə bağlanıb".
R.Abdullayev əlavə edib ki, heç bir layihənin reallaşdırılması dayandırılmayıb və onlarla bağlı gecikmə yoxdur: "Lakin risklərə ehtiyatla yanaşırıq, onları idarə edirik. Bizim risklərin idarə edilməsi üzrə böyük qrupumuz var və o, bütün məsələlərə vaxtında baxır".