Bakı. Trend:
Aprelin 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Heydər Əliyev adına Neft Emalı Zavodunda olub, müəssisənin yenidənqurma və modernizasiya layihəsi üzrə qərargahın növbəti iclasında iştirak edib.
Trend şirkətin saytına istinadən məlumat verir ki, R.Abdullayevin sədrlik etdiyi qərargahın üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin zavod ərazisində ucaldılmış büstünü ziyarət edib, abidənin önünə tər gül dəstələri qoyublar. Sonra modernizasiya və yenidənqurma işlərinin vahid mərkəzdən idarə edilməsi üçün yeni tikilmiş ofisin binalarına baxış keçirən SOCAR prezidentinə məruzə edilib ki, obyekt zavod və layihənin idarə edilməsi üzrə podratçı qismində cəlb edilmiş "SOCAR-KBR" mütəxəssislərindən ibarət nümayəndələrin, İlkin Detallı Layihələndirmə (FEED) işləri üzrə podratçısı qismində layihəyə cəlb edilmiş "Amec-Foster Willer" və "Socar-FW" Mühəndis Xidmətləri Alyansının təmsilçilərinin və digər mütəxəssislərin birgə fəaliyyəti üçün nəzərdə tutulub.
Daha sonra yeni ofisdə R.Abdullayevin rəhbərliyi ilə Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya" İB-nin modernizasiya və yenidənqurma tədbirləri ilə əlaqədar fəaliyyət göstərən qərargahın iclası keçirilib. SOCAR prezidenti H.Əliyev adına NEZ-də həyata keçirilən yenidənqurma işlərinin əhəmiyyətini yüksək qiymətləndirib, layihə çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının həyata keçiriləcəyini və bunun da nəticəsində zavodda "Avro-5" standartlarına cavab verən daha keyfiyyətli neft məhsulları istehsal olunacağını bildirib. R.Abdullayev mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma və tikinti işləri çərçivəsində artıq bir neçə müqavilənin imzalandığını, həmçinin texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyib.
İclasda layihələr üzrə görülmüş işlər barədə hesabat dinlənilib, növbəti aylarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb. SOCAR prezidenti işlərin sürətləndirilməsi ilə əlaqədar aidiyyəti struktur bölmələrinə və rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.