...

Transxəzər qaz kəmərinin tikintisinin dəyəri ilkin qiymətdən xeyli artıb

Energetika Materials 3 Fevral 2007 11:38 (UTC +04:00)

MottMcDonald Ltd (Böyük Britaniya), Kantor Management Consultants (Yunanıstan), KLC Law Firm (Yunanıstan) və ASPI Consulting Engineers (Azərbaycan) şirkətlər konsorsiumu INOGATE layihəsi çərçivəsində qazın Azərbaycan ərazisindən keçməklə Türkmənistandan Avropaya nəqlinin mümkün yollarının ilkin texniki-iqtisadi əsaslandırmasını hazırlayıblar. Bu barədə Trend ə cümə günü ASPI-dan məlumat verilib.

Daha prioritet marşrut kimi qazın Xəzər dənizinin dibi ilə qaz kəməri vasitəsilə nəql olunması imkanı nəzərdən keçirilir. Həmçinin qazın tranzitlə Rusiya və İrandan nəqli imkanlarına da baxılır.

Sualtı qaz kəmərinin tikintisinin ilkin dəyəri (xidmət və materialların indiki qiymətləri ilə) 11,5 mlrd. ABŞ dolları qiymətləndirilir. Bu zaman onun keçirmə qabiliyyəti ildə 22 mlrd. kub metr qaza qədər təşkil edə bilər.

Ötən əsrin 90-cı illərində bu layihənin reallaşdırılması qiyməti təxminən 3 mlrd. ABŞ dolları həcmində dəyərləndirilirdi.

Ekspertlərin qeyd etdiyi kimi, bu boru kəmərinin çəkilməsinin texniki şərtləri "Mavi axın" boru kəmərinin tikintisindən (Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə) daha səmərəlidir. Bu, Xəzərdə dərinliklərin az olması və Qara dənizlə müqayisədə daha əlverişli təbiət mühitinin olması ilə izah olunur.

Bu boru kəməri Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstandan tranzitlə Türkiyəyə qazın nəql olunacağı Cənubi Qafqaz qaz kəməri ilə birləşdirilə bilər. Gələcəkdə bu qazın Yunanıstan və Bolqarıstandan İtaliya və başqa Avropa ölkələrinə nəql imkanları nəzərdə tutulur.

Bu zaman Cənubi Qafqaz qaz kəmərinin keçirmə qabiliyyətinin ildə təxminən 20 mlrd. kub metr qaz təşkil etməsinə baxmayaraq, ekspertlərin qiymətləndirmələrinə görə, o, nəql üçün sərbəst həcmlərə malik olacaq, bu isə güman edildiyi kimi Azərbaycanda qaza olan tələbatın artması ilə izah olunur. Bundan başqa, boru kəmərinin keçirmə qabiliyyətinin genişləndirilməsi üçün texniki imkanlar da var.

Xarici ekspertlərin qiymətləndirmələrinə görə, yaxın vaxtlarda Türkmənistanda siyasi vəziyyətin dəyişəcəyini gözləmək olar, bu isə bu layihəyə marağı artıracaq və bu ölkədən enerji daşıyıcılarının tədarükünü müxtəlifləşdirməyə imkan verəcək.

Yanvar ayının sonunda Yunanıstan və İtaliya sualtı qaz kəmərinin tikintisinin dəstəklənməsi haqqında protokol imzalayıblar. Bu, Azərbaycandan, Rusiyadan, Yaxın Şərq və Şimali Afrika ölkələrindən təbii qazın Yunanıstandan keçməklə Avropaya nəql olunmasına imkan verəcək.

Azərbaycandakı ekspertlərin qeyd etdiyi kimi, yeni boru kəməri Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından qazın Avropaya nəql olunmasına imkan yaradacaq.

Quru seksiyası 590 km, sualtı seksiyası isə - 217 km təşkil edəcək Yunanıstan-İtaliya qaz kəməri hazırda inşa edilən və 2007-ci ilin iyun ayında başa çatacaq Komotini-Karacabey Yunanıstan-Türkiyə qaz kəməri ilə birləşdirəcək. Komotini-Otranto Yunanıstan-İtaliya qaz kəmərinin tikintisi 2008-ci ildə başlayacaq və 2011-ci ildə başa çatacaq.

Yunanıstan-İtaliya qaz kəmərinin tikintisinin ümumi dəyəri 1 mlrd. avronu ötəcək, tikinti qismən AB fondlarından maliyyələşdiriləcək.

Yunanıstan İtaliyadan 8 mlrd. kub metrdən çox qaz ixrac edərək, Türkiyədən keçməklə ildə 11,5 mlrd. kub metrə qədər qaz idxal edəcək, qalanlar isə daxili ehtiyaclara sərf olunacaq. Yunanıstan həmçinin Albaniya və keçmiş Yuqoslaviya ölkəsi olan Makedoniyaya tranzit qaz tədarük etməyi planlaşdırır.

INOGATE (Interstate Oil and Gas Transport to Europe) "Neft və qazın Avropaya dövlətlərarası nəqli" deməkdir. INOGATE - beynəlxalq əməkdaşlıq proqramıdır və məqsədi neft və qaz kəmərləri sistemlərinin regional inteqrasiyasına yardım etmək, eləcə də həm MDB ölkələrində, həm də Avropanın ixrac bazarları istiqamətində bu sistemlər üzrə neft və qaz nəqlinin həyata keçirilməsidir. Bu zaman proqram özəl investorların və beynəlxalq maliyyə təşkilatlarının müvafiq layihələrin reallaşdırılmasına cəlb olunması üçün katalizator rolunda çıxış edir. Proqramda 21 ölkə iştirak edir: Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Makedoniya, Moldova, Rumıniya, Slovakiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan və Yuqoslaviya.

Xəbər lenti

Xəbər lenti