Bakı. Trend:
Orta Dəhlizi daha "yaşıl" etmək üçün həm əməliyyat heyətinin, həm də hökumətin əhəmiyyətli səyləri tələb olunacaq.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı ofisinin ölkə meneceri Stefani Stollmeyster Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.
"Belə istiqamətlərdən biri, məsələn, aşağı, sıfır və ya təmiz emissiya səviyyəsinə malik yanacaq istehsalı sahəsində investisiyalar və inkişaf olmalıdır. Mən düşünürəm ki, bu, açar rolunu oynayacaq. Bununla yanaşı, elektrik batareyaları və hidrogen yanacaq hüceyrələrinin hazırlanmasına investisiya qoyulması vacibdir. Hazırda bu investisiya yoxdur, buna görə də yanacağın saxlanılması üçün infrastrukturun yaradılması üçün əhəmiyyətli maliyyələşdirmə tələb olunacaq", - S.Stollmeyster vurğulayıb.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.