Bakı. Trend:
Azərbaycan davamlı nəqliyyatın və “ağıllı şəhərlərin” inkişafı istiqamətində tədbirləri davamlı şəkildə həyata keçirir və onları ölkənin iqlim gündəliyinin mühüm tərkib hissəsinə çevirir.
Trend xəbər verir ki, bunu COP29 prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, şəhərlərin sürətlə böyüməsi mobillik sahəsində ekoloji cəhətdən təmiz həllərə keçidi, emissiyaların azaldılmasını və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsini tələb edir.
“Əgər biz iqlim hədəfi olan 1,5 dərəcə göstəricisini əlçatan saxlamaq istəyiriksə, nəqliyyat sektorunda qətiyyətli addımlar atmalıyıq. Metronun genişləndirilməsi, elektrobusların tətbiqi və veloinfrastrukturun inkişafı emissiyaların azalmasına, havanın keyfiyyətinin yaxşılaşmasına və şəhərlərin daha rahat yaşayış məkanına çevrilməsinə kömək edəcək”, -deyə M.Babayev bildirib.
O vurğulayıb ki, Azərbaycanda artıq elektromobillər, alternativ yanacaqla işləyən avtobuslar fəal şəkildə istismar olunur, dəmir yolu sistemi elektrikləşdirilir, metro şəbəkəsi isə genişləndirilir. Xüsusi diqqət Bakı Baş Planı layihəsinə yönəldilib ki, bu da nəqliyyat axınlarının optimallaşdırılması və tıxacların azaldılması üçün rəqəmsal həllərlə “yaşıl” paytaxtın yaradılmasını nəzərdə tutur. Bundan başqa, onun sözlərinə görə, müasir aşağıkarbonlu inkişaf texnologiyalarının tətbiq olunduğu yeni “ağıllı şəhərlər” Zəngilanda, Ağdamda, ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda salınır.
COP29-un prezidenti həmçinin 50-dən çox ölkə və 100 şəhərin imzaladığı “Davamlı və sağlam şəhərlər üzrə Bakı bəyannaməsi”ni də xatırladıb. Bəyannamə hökumətlərin, yerli idarəetmə orqanlarının və biznesin nəqliyyat, tikinti, maliyyə və səhiyyə sahələrində fəaliyyətlərinin əlaqələndirilməsini nəzərdə tutur.