...

Azərbaycan Milli Elmlər Akademiyasının ElmNet şəbəkəsində məlumatların ötürülmə sürəti 100 Mbit/s-ni keçib

Telekommunikasiya Materials 29 İyul 2010 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir H.Vəliyev/

Akademiyanın ElmNet şəbəkəsində məlumatların ötürülmə sürəti 100 Mbit/s-ni keçib. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Əliquliyevin sözlərinə görə, hazırda Akademiyanın hər bir institutunun payına orta hesabla 2-3 Mbit/s düşür ki, bu da kifayət qədər yüksək göstəricidir.

Hazırda Akademiyanın şəbəkəsi üç istiqamətdə - Geologiya, Fizika və Kibernetika institutları istiqamətində çəkilib. Üç seqmentin hər biri Elmlər Akademiyasının yaxınlıqda yerləşən digər strukturlarını birləşdirir. Akademiyanın şəbəkəsinə cəlb edilən kompüterlərin sayı 1400-ə çatır. Şəbəkə xarici elmi-maarifləndirici şəbəkələrlə informasiya mübadiləsini təşkil etmək, informasiya resurslarının yığılması və Elmlər Akademiyasının şöbələrinin informasiya mühitinin dəstəklənməsi üçün nəzərdə tutulub.

Layihə qarşısında üç başlıca məqsəd qoyulub: beynəlxalq əlaqələrin qurulmasına yardım, tədqiqat və akademiya şəbəkələrinə daxilolma, şəbəkə infrastrukturlarının və informasiya mübadiləsinin artımına imkan yaradılması, habelə şəbəkə ilə işləmək üçün personalın hazırlanması.

İnformasiya Texnologiyaları İnstitutu tərəfindən elekton təhsilin şəbəkə infrastrukturunun formalaşdırılması üzrə yığcam təhlil hazırlanıb və plana əsasən, 2012-ci ilədək internetə çıxışı olan elmi müəssisələrin şəbəkə infrastrukturu, maddi-texniki bazası və daxili korporativ infrastrukturu yaradılacaq.

Xəbər lenti

Xəbər lenti