...

Əli Abbasov: Yaxın vaxtlarda Azərbaycanda İKT-nin inkişafı üzrə yeni dövlət proqramı qəbul ediləcək

Telekommunikasiya Materials 15 Oktyabr 2014 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Dövlət Azərbaycanın informasiya texnologiyaları bazarında yüksək texnologiyalı məhsulların iri sifarişçisidir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çərşənbə günü Bakıda "НР Azerbaijan" şirkətinin yeni ofisinin açılışında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, hazırda ölkənin dövlət sektoru yüksək texnologiyalı məhsulların bir çox iri vendorları və istehsalçıları, o cümlədən НР şirkəti ilə əməkdaşlıq edir: "Dövlətin İT avadanlıqları və proqram təminatının alışı üzrə xərcləri artırılacaq. Respublikada DATA-mərkəzlərin tikintisi üzrə perspektiv planlar buna sübutdur".

Ə.Abbasov qeyd edib ki, hazırda Azərbaycan texnoloji inkişafın yeni mərhələsindədir. Ölkədə İKT-nin inkişafı üzrə dövlət strategiyası təsdiqlənib və onun həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yeni dövlət proqramının qəbulu gözlənilir.

НР şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rastbixler açılış mərasimində çıxışı zamanı şirkətin Azərbaycandakı fəaliyyəti haqqında danışıb. Onun sözlərinə görə, nümayəndəliyin fəaliyyətinin 10 ili ərzində kifayət qədər nailiyyətlər əldə olunub və işçi ştatının artması, yeni ofisə köçmə buna əyani sübutdur.

Onun sözlərinə görə, HP şirkətinin Azərbaycandakı əsas tərəfdaşı kimi dövlət sektoru çıxış edir. Hazırda şirkət "Azərkosmos" ASC, "Azərpoçt" MMC və "Yüksək Texnologiyalar Parkı" ilə əməkdaşlıq edir.

Şirkət elektron hökumətin yaradılmasında bilavasitə iştirak edir, respublikadakı nazirlik və idarələrlə layihələr reallaşdırılır.

Yeni dövlət proqramı bu il aprelin 2-də Azərbaycan Prezidentinin təsdiqlədiyi Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya çərçivəsində qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti