Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda internet xidmətləri tədarükçüləri və son istifadəçilər arasında keyfiyyətli internet xidmətlərinin göstərilməsinə təminat verən yeni müqavilə bağlanıb.
Trend-in məlumatına görə, bunu Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev "Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti" mövzusuna həsr olunmuş "dəyirmi masa"da çıxış edərkən deyib.
Onun sözlərinə görə, müqavilənin yeni redaktəsi istifadəçilər qarşısında internet provayderlərinin öhdəliklərini, daha doğrusu, keyfiyyətli internet xidmətlərinin göstərilməsini müəyyənləşdirir.
A.Əliyev qeyd edib ki, bu müqavilənin bağlanması istehlakçı hüquqlarının qorunmasını təmin etməyə imkan verəcək və son istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətini artıracaq: "Müqavilə layihəsində provayder tərəfindən son istifadəçiyə açıqlanmış məlumatların ötürülməsi sürətini və keyfiyyətsiz qoşulma zamanı vəsaitin qaytarılmasını təmin etmək, ödəniş xidmətləri şərtlərinin müəyyənləşdirilməsi, istifadəçilər üçün provayderlərə elektron formada müraciət etmək imkanının yaradılması kimi aspektlər razılaşdırılıb.