...

“Microsoft” korporasiyası “Bakutel 2017” sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

Telekommunikasiya Materials 1 Dekabr 2017 15:38 (UTC +04:00)
“Microsoft” korporasiyası bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək.
“Microsoft” korporasiyası “Bakutel 2017” sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

Bakı. Trend:

“Microsoft” korporasiyası dekabrın 5-dən 8-dək Bakıda keçiriləcək 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, korporasiyanın bu tədbirdə iştirakının əsas məqsədi - müxtəlif sahələrdə “Microsoft”un bazasında hazırlanmış innovativ texnologiyaları geniş insan kütləsinə təqdim etməkdir. Lakin bu il “Microsoft”un stendində xarici innovasiyyaların və onların imkanlarının nümayişi ilə yanaşı Azərbaycanın yerli startapları da təqdim olunacaq.

“Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib: “Bizim Azərbaycandakı missiyamız – yüksək nailiyyətlər əldə etmək üçün hər bir insanın və təşkilatın imkanlarını genişləndirməkdir. “Microsoft”un “Bakutel 2017” sərgisində əsas hədəfi - geniş kütləni qlobal texnoloji innovasiyalar barədə məlumatdırmaq və Azərbaycan şirkətlərinə ölkə iqtisadiyyatının gələcək inkişafına təkan verəcək layihələri nümayiş etdirmək imkanı yaratmaqdır. Məsələn, biz yeni musiqi layihəsi ilə əməkdaşlıqdan fəxr edirik – bu, əcnəbi və Azərbaycan musiqisinə leqal olaraq qulaq asmaq imkanı yaradan, müəllif hüquqlarına aid bütün normalara cavab verən və musiqi həvəskarları tərəfindən səbirsizliklə gözlənilən bir həlldir”.

“Microsoft”un stendi 4 zonaya bölünəcək:

Birinci zona təhsil sahəsinə aid olacaq ki, burada sərgi iştirakçıları təhsil üçün innovasiya həllərinin geniş spektri, o cümlədən məşhur “Minecraft: Education Edition” oyunu ilə ilə tanış ola biləcəklər; həmin zonada “Microsoft”un “HoloLens” eynəkləri də nümayiş olunacaqdır ki, bu eynəklər vasitəsilə insan anatomiyasını öyrənmək mümkündür;

İkinci zona səhiyyə sahəsindəki həllərə həsr olunacaq: məsələn, burada mEMR – “Electronic Medical Record” vasitəsilə pasiyent haqqında məlumatlara sürətli keçid həlli göstəriləcək ki, bu da həkimləri kağız işindən tamamilə azad edəcək;

Üçüncü zona “Made in Azerbaijan” adını daşıyır – burada yerli startap layihələri təqdim olunacaq: musiqi startapı, hesab.az, təhsil müəssisələri üçün GRP, “Smart Systems” şirkətindən ağıllı həllər və “Microsoft” şirkətinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığının nəticələri.

Dördüncü zona “Made for Azerbaijan” adını daşıyır. Burada korporasiya Azərbaycanın innovasiya inkişafına yönələn “DigiGirlz” və “Imagine Cup” kimi layihələri nümayiş etdirəcək.

Qeyd edək ki, “Bakutel 2017” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti