...

Azərbaycan İnternet istifadəçilərinin sayına görə Gürcüstan və Ermənistanı qabaqlayıb

Telekommunikasiya Materials 19 Dekabr 2006 16:58 (UTC +04:00)

Ümumdünya Elektron Rabitə İttifaqının (International Telecommunication Union) İnternet istifadəçilərinin sayına görə ölkələrin reytinqində Azərbaycan 408 min istifadəçi ilə 85-ci yeri tutub.

Trend xəbər verir ki, reytinqin tərtib olunmasında 198 ölkə iştirak edib. Hesablama zamanı yalnız daim qeydiyyatda olan, on-layna həftədə ən azı bir dəfə daxil olan istifadəçilər nəzərə alınıb.

100 nəfərə düşən internet-istifadəçilərinin sayına görə, Azərbaycan 5,6/100 nəfər göstərici ilə 120-ci yeri tutub. Orta hesabla dünyada bu göstərici 18,4/100 nəfərə bərabərdir. Provayderlərin sayına görə ölkələrin reytinqinə Azərbaycan düşə bilməyib.

100 nəfərə düşən İnternet-istifadəçilərin sayına görə, Gürcüstan 3,75 nəfərlə 132-ci yeri, Ermənistan 124-cü yeri (5,03/100 nəfər), Rusiya - 87-ci yeri (11,5/100) tutub.

Gürcüstanda İnternet istifadəçilərinin ümumi sayı 175 min (112-ci yer), Ermənistanda - 150 min (124-cü yer), Rusiyada - 16 mln. nəfər (12-ci yer) təşkil edib. Estoniya (25-ci yer) və Latviya (41-ci yer) istisna olmaqla, keçmiş SSRİ respublikaları top50 qeydindən aşağıda yerləşiblər. Belə ki, Ukrayna - qeydiyyatdan keçmiş istifadəçilərin sayına görə 35-ci yerdə olmağına baxmayaraq, bu siyahıda 104-cü yerdə, Belorusiya müvafiq olaraq 47 və 63-cü yerləri tutub. Ən az istifadəçi Tacikistandadır, orada 100 nəfərə düşən istifadəçilərin sayı 1 və yalnız 5 min qeydiyyatdan keçən şəxs var.

100 nəfərə düşən qlobal şəbəkə istifadəçilərinin sayına görə liderlər ada və yarımada sakinləri olub. Birinci sırada Yeni Zelandiya durub. Orada qeydiyyatdan keçmiş istifadəçilərin əmsalı 100 nəfərə 79,3 nəfər təşkil edir, əhalinin ümumi sayı isə 3,2 mln. nəfərdir. Reytinqin ikinci yerini İslandiya tutur (76,03/100 nəfər). İnternet-provayder və İnternet istifadəçilərinin sayına görə ölkələrin reytinqinə ABŞ başçılıq edir (700 provayder və 161 632 min istifadəçi).

Xəbər lenti

Xəbər lenti