Bakı. Elçin Hüseynov - Trend:
Avropa İttifaqı (Aİ) gələn həftə 27 ölkənin iştirakı ilə ilk dəfə Böyük Britaniyasız qeyri-formal sammitini keçirəcək.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin sədri Donald Tusk bəyan edib.
O bildirib ki, sammitin iyulun 28-29-da Aİ Şurasının iclası çərçivəsində keçirilməsi planlaşdırılır.
D.Tusk deyib ki, Aİ Böyük Britaniyadakı referendumdan başqa nəticələr gözləyirdi: "Bu, tarixi hadisədir, amma əsəbi reaksiyadan uzaq olmaq lazımdır".
Aİ-in sədri qeyd edib ki, Böyük Britaniya İttifaqı formal olaraq tərk edənə kimi Avropa İttifaqının qanun və qaydalarının bu ölkədə tətbiqi davam edəcək: "Bu həm hüquqlara, həm də öhdəliklərə şamil olunacaq".
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.