Bakı. Trend:
Böyük Britaniyanın Mərkəzi Bankı Kral Çarlzın təsviri olan yeni əskinasların dizaynını ictimaiyyətə təqdim edib.
Trend xəbər verir ki, 5, 10, 20 və 50 sterlinq əskinaslarda yeganə dəyişiklik kralın şəkli olacaq. Hazırkı əskinaslarda sentyabr ayında vəfat edən Kraliça Elizabetin fotosu əks olunub.
Yeni əskinasların üz tərəfində və təhlükəsizlik üçün şəffaf saxlanılan pəncərə hissəsində Kral Çarlzın portreti yer alacaq.
Yeni əskinaslar 2024-cü ilin ortalarından dövriyyəyə buraxıldıqdan sonra hazırkı əskinaslar da qüvvədə qalacaq.
Kraliça Elizabet 1960-cı ildən bəri Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılan əskinaslarda görünən ilk və yeganə monarx idi. Şotlandiya və Şimali İrlandiya bankları tərəfindən buraxılan əskinaslarda monarxın şəkli yoxdur.