Bakı. Trend:
Koreya Respublikasında terrorla mübarizə əməliyyatları üçün dördayaqlı robotun hazırlanması başa çatdırılıb və ölkənin silahlı qüvvələri onun sınaqlarına başlayıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, qarşıdakı altı ay ərzində hərbçilər robot-itin effektivliyini qiymətləndirəcək, bundan sonra onun istifadəsi ilə bağlı yekun qərar qəbul edəcəklər. Hyundai Rotem və Rainbow Robotics kompaniyalarının iştirak etdiyi prototipin hazırlanması cəmi iki il çəkib.
Robot-it saatda 4 kilometrdən çox sürətlə hərəkət edir, hündürlüyü 20 santimetrdən çox olan maneələri dəf edə bilir. O, həmçinin müşahidə və kəşfiyyat üçün gündüz və gecəgörmə kameraları ilə təchiz olunub.
Onun əsas funksiyaları şəxsi heyəti cəlb etməzdən əvvəl binalarda terror təhlükələrini müəyyən etməkdən, habelə potensial terrorçuların hərəkətlərinə cavab verməkdən ibarət olacaq. Ordu bölmələrindən biri də robotdan hərbçilərlə birlikdə axtarış-kəşfiyyat əməliyyatları aparmaq üçün eksperimentdə istifadə edir.