Bakı. Trend:
Ağ Evin yaxınlığında atəş açaraq Milli Qvardiyanın iki hərbçisini yaralayan şəxsin 2025-ci ildə ABŞ-dən sığınacaq aldığı məlum olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
ABŞ mediasının məlumatına görə, şübhəli şəxs sığınacaq üçün ərizəni 2024-cü ildə təqdim edib və o, 2025-ci ilin aprelində təsdiqlənib.
Bundan əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem əslən əfqanıstandan olan şübhəli şəxsin 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ABŞ-yə gəldiyini bildirmişdi. O, Amerika ilə əməkdaşlıq edən əfqan müttəfiqlərin qəbulu proqramı çərçivəsində sığınacaq alıb.
Qeyd edək ki, şübhəli noyabrın 26-da Vaşinqtonun mərkəzində, admiral Devid Farraqutun adını daşıyan meydanın yaxınlığında Milli Qvardiya hərbçilərinə atəş açıb. Hadisə yeri Ağ Evdən təxminən 300 metr aralıda yerləşir.
Baş verən atışmada iki qvardiyaçı və hücum edən şəxs yaralanıb.
