Bakı. Trend:
Tailandla sərhəddə yaşanan gərginlik fonunda Kambocada 630 minə yaxın dinc sakin məcburi köçkün düşüb və onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamboca krallığının Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Qurumun bəyanatına görə, 636,6 mindən çox kambocalı sakin yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıb.
Son rəqəmlərə əsasən, Tailand hərbçilərinin açdığı atəşdən 31 dinc sakin həlak olub, azı 87 nəfər yaralanıb.
Kamboca və Tailand sərhədində atıcı silahların tətbiqi ilə müşayiət olunan toqquşmalar dekabrın 7-də başlayıb. Tailandın quru qoşunları dekabrın 8-də bildiriblər ki, Kamboca hərbçiləri sərhədyanı zonada Tailand mövqelərini artilleriya atəşinə tutublar. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturlarına zərbələr endirib.
