...

Mixail Saakaşvili işgüzar səfərlə ABŞ-a yola düşür

Dünya xəbərləri Materials 3 İyul 2006 11:24 (UTC +04:00)

Bazar ertəsi Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ prezidenti Corc Buşun dəvəti ilə işgüzar səfərlə bu ölkəyə yola düşür. M.Saakaşvilini XİN başçısı Gela Bejuaşvili müşayiət edir.

Prezidentin mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, iyulun 4-də Saakaşvili ABŞ-ın müstəqillik gününə həsr olunmuş təntənəli mərasimlərdə iştirak edəcək, iyulun 5-də isə Corc Buşla görüşəcək.

Gürcüstanda münaqişələrin sülh yolu ilə həlli, ölkədə gedən demokratik proseslər, enerji təhlükəsizliyi və Avroatlantik qurumlara inteqrasiyaya yönəlmiş səylər hər iki dövlət başçıçı arasında danışıqların əsas mövzusu olacaq. "Prezidentlərin görüşündə əsas mövzulardan biri də Gürcüstan ərazisində münaqişələrin sülh yolu ilə həlli məsələsi olacaq. Münaqişələr beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazinin bütövlüyü çərçivəsində sülh və siyasi yolla nizamlanmalıdır", - deyə Tiflisdə jurnalistlərə ABŞ dövlət katibinin köməkçisinin müavini, ötən həftə Gürcüstanda səfərdə olmuş Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Azərbaycan karbohidrogeninin Avropa ölkələrinə ixracı ilə bağlı enerji təhlükəsizliyi məsələsi də müzakirə mövzusu olacaq.

"Regionda enerji təhlükəsizliyi məsələsi də müzakirəyə çıxarılacaq. Azərbaycan dünyanın iri neft və qaz tədarükçülərindən birinə çevrilir. Bu ölkə təkcə Türkiyə və Gürcüstanı deyil, həm də Yunanıstan və İtaliyanı da qazla təmin edəcək. Azərbaycan qazının Ukraynaya verilməsi imkanları da istisna olunmur", - deyə Brayza qeyd edib.

Tiflisdə M.Saakaşvilinin ABŞ-a iyulun ortalarında Sankt-Peterburqda keçiriləcək Böyük Səkkizliyin sammiti ilə əlaqədar səfər etməsi gizlədilmir. Gürcüstanda G8 liderlərinin görüşündə Gürcüstanla bağlı məsələlər müzakirə olunacaq.

Trend in xəbər verdiyi kimi, Saakaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti Vaşinqtondan Tiflisə iyulun 6-da qayıdacaq.

Xəbər lenti

Xəbər lenti