...

Bolqarıstan radiosunda Azərbaycan incəsənətindən danışılıb

Mədəniyyət Materials 7 Aprel 2017 18:21 (UTC +04:00)
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov Bolqarıstanın “Fokus” radiosunun dinləyicilərinə Azərbaycan incəsənəti barədə məlumat verib
Bolqarıstan radiosunda Azərbaycan incəsənətindən danışılıb

Bakı. Trend:

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov Bolqarıstanın “Fokus” radiosunun dinləyicilərinə Azərbaycan incəsənəti barədə məlumat verib

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, müsahibə zamanı mədəniyyətin hər zaman insanları birləşdirən, ümumi dil tapmağa kömək edən vasitə olduğunu ifadə edən Q.Qasımov Azərbaycan və Bolqarıstan arasında mədəniyyət və turizm sahəsində geniş imkanların olduğunu, ötən dövr ərzində hər iki ölkənin mədəniyyət nazirlərinin istər beynəlxalq müstəvidə, istərsə də iki tərəfli formatda görüşlər keçirdiklərini ifadə edib.

Bolqarıstanın sabiq mədəniyyət naziri Vejdi Rəşidovun bir neçə dəfə Bakıda səfərdə olduğunu xatırlayan incəsənət xadimi onun Azərbaycanın Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru olduğunu bildirib. Q.Qasımov Sofiya şəhərindəki Milli İncəsənət Qalereyasında açılmış “Azərbaycan sirli rənglər kainatı” adlı sərginin mədəniyyət sahəsində əməkdaşlığımızın inkişafı yolunda növbəti bir addım olacağına ümidini ifadə edib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının tarixi barədə məlumat verən mədəniyyət xadimi Qalereyanın əsasən muzey tipli müəssisə kimi fəaliyyət göstərdiyini, fondunda 12 minədək əsərin toplandığı, lakin muzeydən fərqli olaraq ekspozisiyalarını çevik şəkildə yenilədiyini bildirib.

Fonduna rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ sənət əsərlərinin daxil olduğu Qalereyada Azərbaycan rəssamlarının ən dəyərli əsərlərinin, nadir sənət incilərinin mühafizə olunduğunu söyləyən Q.Qasımov eyni zamanda elmi araşdırmaların aparıldığını və əsərlərin Vahid Elektron Kataloqunun hazırlandığını vurğulayıb. Hazırda, Azərbaycan rəssamlarının həyat və yaradıcılığını əks etdirən yeni və zəngin elektron məlumat bazasının yaradılması istiqamətində işlərin də davam etdirildiyini ifadə edən incəsənət xadimi 500-dək rəssam haqqında özündə müfəssəl məlumatları əks etdirən portfellərin yaradıldığını diqqətə çatdırıb.

Azərbaycanın zəngin və qədim mədəni irsi ilə bağlı suala cavab olaraq, Q.Qasımov Qərb ilə Şərqin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən ölkəmizin əlverişli təbiəti, qədim tarixi, rəngarəng mədəniyyəti və zəngin iqtisadi resursları barədə məlumat verib, Fizuli rayonu ərazisində yerləşən Azıx mağarasının qədimliyi barədə danışıb və Azərbaycan mədəniyyətinin bir sıra incilərinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini vurğulayıb.

Ölkəmizdəki multikulturalizm ənənələri barədə danışan mədəniyyət xadimi dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda insanların hüquq və qanun qarşısında bərabər olduqlarını, ölkədə müsəlman məscidləri ilə yanaşı rus-pravoslav, eləcə də yəhudi dini məbədlərinin sərbəst şəkildə fəaliyyət göstərdiyini qeyd edib. Daha sonra Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün nəticələrinə toxunan Q.Qasımov Bakıda erməni kilsəsinin Azərbaycan dövlətinin dəstəyi ilə təmir olunmasına baxmayaraq, işğal olunmuş ərazilərdə bütün mədəniyyət abidələrinin, muzeylərin və rəsm qalereyalarının dağıdıldığını təəssüf hissi ilə bolqar ictimaiyyətinə çatdırıb.

Azərbaycan Prezidenti tərəfindən 2016-cı ilin ölkəmizdə multikulturalizm və 2017-ci ilin isə İslam Həmrəyliyi İli elan olunduğunu vurğulayan Q.Qasımov ölkəmizin mədəniyyətlərarası dialoq forumlarına, beynəlxalq humanitar forumlara ev sahibliyi etdiyini, Bakıda 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin, 2015-ci ildə isə dünyada ilk dəfə olaraq Avropa Oyunlarının keçirildiyini vurğulayıb. Mədəniyyət xadimi eyni zamanda cari ilin 12-22 may tarixlərində Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcəyini diqqətə çatdırıb.

Müsahibə zamanı ölkəmizdə təsviri sənətin hazırki durumundan danışan Q.Qasımov Azərbaycanın incəsənət ustalarının əsas nailiyyətləri barədə məlumat verib. O, təsviri sənətin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu və hazırda ölkəmizdə rəssamlıq sənətinə böyük marağın olduğunu vurğulayıb. Bu marağı bir sıra təbii və tarixi səbəblərlə əlaqələndirən Q.Qasımov Qobustanın qayaüstü təsvirlərini, unikal memarlıq abidələrini, orta əsr miniatür məktəblərini, sarayların divar rəsmlərini, dulusçuluk, zərgərlik, misgərlik, xalçalılıq kimi bir sıra sahələri xatırlayıb. Hazırda, Azərbaycanda 2000-ə yaxın üzvün təmsil olunduğu Rəssamlar İttifaqı barədə məlumat verən Q.Qasımov İttifaqa peşəkar rəngkar, heykəltəraş, tətbiqi sənət ustaları və sənətşünasların daxil olduqlarını bildirib. Rəssamlar İttifaqının Gəncə, Naxçıvan və Şəki şəhərlərində bölmələrinin fəaliyyət göstərdiyini qeyd edən incəsənət xadimi ölkəmizin 34 şəhərində dövlət rəsm qalereyalarının fəaliyyət göstərdiyini, bütün şəhər və rayonlarda musiqi və rəssamlıq məktəblərinin mövcud oluduğunu, hətta orta ümumtəhsil məktəblərində təsviri sənət dərslərinin 1-ci sinifdən etibarən tədris olunduğunu vurğulayıb. Azərbaycanın böyük rəssamı Əzim Əzimzadənin adını daşıyan Bakı Rəssamlıq Kollecində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəssamlıq sənətinin sirlərinin tələbələrə peşəkar şəkildə öyrədildiyini söyləyən Q.Qasımov bu sahə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq istəyən incəsənət adamlarının Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna müraciət edə bildiklərini vurğulayıb.

Sonra Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğu ölkələrin coğrafiyası barədə məlumat verən Q.Qasımov Braziliya, ABŞ, Çin, Cənubi Koreya, Hindistan, Orta Asiya ölkələri, Rusiya, Gürcüstan, Türkiyə, Almaniyada, Fransa, Polşa, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, İspaniya, Macarıstan, Moldova kimi ölkələrdə təqdimatların keçirildiyini xatırlayıb. Sotbiz, Kristi kimi məşhur auksionlarda Azərbaycan rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Mirnadir Zeynalov, Fərhad Xəlilov kimi incəsənət nümayəndələrinin əsərlərinə böyük marağın olduğunu vurğulayan Q.Qasımov dahi rəssamlarımızıdan Səttar Bəhlulzadənin 100 illik yubileyinin 2009-cu ildə UNESCO səviyyəsində keçirildiyni qeyd edib.

Sonda Azərbaycan dövlətinin ölkəmizdə böyük rəssamların müxtəlif sərgilərinin nümayiş olunması üçün öz dəstəyini əsirgəmədiyini, bir sıra rəssamların dövlət başçısı tərəfindən mükafatlandırıldığını qeyd edən Q.Qasımov onların orden və medallarla təltif olunduqlarını və hər il 50 nəfər orta və yaşlı nəslin nümayəndəsinə, 20 nəfər isə gənc rəssama təqaüdlərin verildiyini vurğulayıb. Daha sonra ötən 10 il ərzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəlliflərə yüksək qonorarlar ödənilməklə 1200-dən çox əsərin alınaraq Azərbaycan Dövlət Rəsm Qalereyasının Fonduna daxil edildiyini bildirən incəsənət xadimi Heydər Əliyev Fondu tərəfindən olduqca böyük və maraqlı layihələrin də dəstəkləndiyini və həyata keçirildiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti