Bakı. Elmir Murad - Trend:
Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Trend Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumat verir ki, Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədindən qaçaq yolla Azərbaycana gətirilən 1500 qutu "MM" siqaretlərini gizlədilən yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılıb.
Həmin gün saat 22:40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayəsində 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azərbaycana gətirərkən Balakən rayon sakinləri Əliyev Ramazan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.